Dünya Bankı Ukraynaya 400 milyon dollarlıq kredit verəcək
Dünya Bankının Direktorlar Şurası maliyyə sektorunun reabilitasiyası üçün Ukraynaya 400 milyon dollar məbləğində birinci proqram ssudasının ayrılmasını təsdiq edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın mətbuat xidmətində bildirilib. Bu böhranın təsirlərinin aradan qaldırılması məqsədilə Ukraynanın maliyyə sektoruna ayrılması nəzərdə tutulan iki tranşın birincisidir.
Birinci tranş böhran dövründə bank sektorunun əsaslarının saxlanmasına, ikincisi isə sektorun restrukturizasiyasına və onun hüquqi və normativ bazasının möhkəmlənməsinə yönəldiləcək.
Qlobal böhran Ukraynanın bank sisteminə makroiqtisadi çatışmazlığı və zəifliyi üzə çıxardı. 2009-cu ilin proqnozuna görə, ölkədə ÜDM 15% azalacaq.
“Biz maliyyə sektoru kimi əsas sferalarda effektiv yardımı təmin etmək məqsədilə Ukraynanın hakimiyyət orqanları ilə birgə işləyirik”, - Dünya Bankının Ukrayna, Belorus və Moldova üzrə direktoru Martin Rayzer bildirib. O, ümid edir ki, bu kredit Ukraynanın bank sisteminə etibarı gücləndirəcək və böhrandan sonra iqtisadiyyatın restrukturizasiyası üçün əsas ola biləcək.