Hökumət bir sıra rayon məhkəmələrinin yeni inzibati binalarının tikintisinin tamamlanması üçün 2 milyon manat məbləğində vəsait ayırıb. "İqtisadi forum" jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazirlər Kabinetinin müvafiq Sərəncamına istinadən xəbər verir.
Nazirlər Kabinetinin 3 avqust tarixli Sərəncamına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin, Oğuz Rayon Məhkəməsinin və Gədəbəy Rayon Məhkəməsinin inzibati binalarının tikintisinin 2012-ci ildə başa çatdırılması üçün “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi”ndə Azərbaycan tərəfinin payının artırılması məqsədi ilə Ədliyyə Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılıb.
Tikintiyə ayrılmış vəsait Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5774100000,0 (beş milyard yeddi yüz yetmiş dörd milyon yüz min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə ehtiyat kimi nəzərdə tutulmuş vəsaitin azaldılması hesabına əldə edilib.
Xatırladaq ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Oğuz Rayon Məhkəməsinə yeni inzibati bina tikir. |