Son illər dünyada dövlət idarəetməsində gedən başlıca proseslərdən biri də əksmərkəzləşmədir. Ekspertlər hesab edirlər ki, fiskal səlahiyyətlərin aşağı idarəetmə pillələrinə ötürülməsi yerli ictimai xidmətlərin effektivliyini artırır. “Media forum”a müsahibəsində iqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda bu sahədəki vəziyyət barədə danışıb.
- Əksmərkəzləşmə deyəndə nə nəzərdə tutulur?
- Bu, siyasi hakimiyyətin sərt konsentrasiyasına qarşı yaradılmış mexanizmdir. Bu mexanizm yerli səviyyədə ən müxtəlif siyasi-iqtisadi qərarlar qəbul etməyə imkan verir. Hakimiyyət səlahiyyətlərinin mərkəzi və yerli idarəetmə orqanları arasında bölüşdürülməsi mərkəzi hakimiyyətin fəaliyyətinə nəzarət mexanizmlərinin formalaşdırılmasına da şərait yaradır.
Siyasi əksmərkəzləşmənin mahiyyəti üç elementlə müəyyən edilir: yerli hakimiyyətlərin qərar qəbulu ilə bağlı muxtariyyətinin olması; yerli hakimiyyətlərin formalaşdırılması (seçki vasitəsilə, yaxud elita ilə konsensus əsasında) sahəsində muxtariyyətin olması; yerli və regional hakimiyyət orqanlarının mərkəzdə qəbul edilən qərarlara təsir imkanının olması. Fiskal əksmərkəzləşmə vergi-büdcə-borclanma sahəsində qərarların qəbulu səlahiyyətinin yerlərə ötürülməsidir.
- Əksmərkəzləşmənin vacibliyi nədən doğur?
- Mərkəzi hökumət bütün ictimai xidmətləri, hakimiyyət səlahiyyətlərini öz əlində cəmləşdirəndə sosial xidmətlərin keyfiyyəti aşağı düşür, cəmiyyətin inkişafında institutların rolu zəifləyir. Fiskal əksmərkəzləşmə ictimai vəsaitlərin şəffaf xərclənməsi imkanlarını daha da artırır.
- Azərbaycanda bu sahədə hüquqi mexanizm necədir?
- Ölkəmizdə büdcənin üç səviyyəsi - mərkəzi büdcə, Naxçıvan Muxtar Respublikasının büdcəsi, bir də yerli büdcələr - təsbit edilib. Mərkəzi hökumətin büdcəsi isə iki səviyyəyə bölünür: yerli gəlirlər və xərclər, bir də mərkəzləşdirilmiş gəlirlər və xərclər. 2011-ci ilin dövlət büdcəsi haqqında qanuna uyğun olaraq yerli gəlirlərin 447 milyon manat (3,6%) həcmində olması təsdiqlənib. Yerli xərclərin qanunla təsdiqlənən məbləği isə 1,3 milyard manat (10,2%) olub. Hökumətin yerli xərcləmələrinin təxminən 80%-i (1,045 milyard manat) üç sahəyə – təhsilə, səhiyyəyə, bir də yerli hakimiyyət orqanlarının saxlanmasına sərf olunub. Mərkəzi hakimiyyətin yerli strukturları yerli gəlirlərin formalaşması və yerli səviyyədə xərcləmələr sahəsində hüquqlar qazanmış muxtar yerli hökumətlər deyil.
Qanunvericilikdə təsbit olunmasa da, Naxçıvanın büdcəsi ayrı-ayrı ölkələrdə mövcud olan “region büdcəsi” anlayışına uyğun gəlir. “Büdcə sistemi haqqında” qanunun 28-ci maddəsinə görə, Naxçıvanın büdcə gəlirləri Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri və ödənişlər hesabına formalaşır. Həmin mənbələrə hüquqi şəxslərin mənfəət, torpaq və əmlak vergiləri, fiziki şəxslərin gəlir vergiləri, ƏDV, aksiz, sadələşdirmiş vergilər daxildir. Xərc istiqamətlərinə Naxçıvan ərazisində təhsil-səhiyyə, mədəniyyət-incəsənət, dövlət hakimiyyəti, hüquq-mühafizə və məhkəmə, infrastrukturla bağlı xərclər daxildir.
Bələdiyyə büdcələri qanunvericilikdə “yerli büdcələr” adlandırılır. Vergi Məcəlləsinə və “Yerli vergi və ödənişlər haqqında” qanuna əsasən, bələdiyyələr üçün məxsusi gəlir mənbələri müəyyən edilib. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna görə, bələdiyyə bəzi kateqoriyadan olan ödəyiciləri vergidən tam, ya qismən azad edə, vergi dərəcələrini aşağı sala bilər. Yerli büdcənin xərc istiqamətləri bələdiyyənin müəyyən etdiyi xərc normativləri əsasında müəyyənləşdirilir. Bələdiyyə idarəetməsi sosial, yaşayış, mədəniyyət və idman, əhalinin ümumi istifadəsində olan küçələrin saxlanması, yerli sosial müdafiə, sosial-iqtisadi inkişaf, ekoloji proqramların maliyyələşdirilməsi, aztəminatlı təbəqədən olan mərhumların dəfn və yas mərasimlərinin təşkili kimi sahələri əhatə edir.
- Xərclər baxımından ölkəmizdə əksmərkəzləşmənin real səviyyəsi necədir?
- Azərbaycanda yerli və regional idarəetmə xərclərinin mərkəzi hökumətin məcmu xərcləmələrində və ÜDM-də payı olduqca azdır. 2012-ci ildə yerli səviyyədə xərcləmələrin dövlət büdcəsinin xərclərinə nisbəti 2%, ÜDM-ə nisbəti 0.56% olub. Onu da deyim ki, 2008-2012-ci illər intervalında həmin göstəricilərin səviyyəsi azalmağa doğru gedib. Bu tendensiya xərcləmələr baxımından Azərbaycanda fiskal mərkəzləşmə meyllərinin daha da gücləndiyini göstərir.
- İnkişaf etmiş ölkələrdə dövlət xərclərinin əksmərkəzləşməsi ilə bağlı nə deyə bilərsiniz?
- Xərcləmələr baxımından fiskal əksmərkəzləşmənin səviyyəsinə görə inkişaf etmiş ölkələrin durumu bir-birindən kəskin fərqlənir. Azərbaycan yerli hökumətlərin xərcləmələrdə payına görə azad dünya ölkələrindən geri qalır. Yerli hökumət xərclərinin məcmu xərclərdə payı Avstriya və Almaniyada (federativ) 45-63 faiz, Niderland, Norveç və Finlandiyada (unitar) 48-67 faiz intervalında dəyişilir. Estoniyada bu göstərici 33.6, Polşada 47.2, Gürcüstanda isə 17.5% təşkil edir.
- Vergi əksmərkəzləşməsi ilə bağlı vəziyyət necədir?
- Vergi əksmərkəzləşməsi yerli gəlirlərlə bağlı yerli hakimiyyətin muxtar səlahiyyətlərinin və bu gəlirlərin hökumətin ümumi gəlirlərinə nisbətinin səviyyəsini əks etdirir. Bu göstəricinin keyfiyyətcə qiymətləndirilməsi üçün əsas sual budur ki, yerli hökumətlərin vergi dərəcələrini və vergi bazasını tənzimləmək üçün səlahiyyəti varmı?
Vergi Məcəlləsində (6-cı və 7-ci maddələr) dövlət vergisi hesab olunan vergilər həm də “muxtar respublika vergiləri” adlandırılır. Ancaq vergilərin tənzimlənməsi ilə bağlı muxtar respublika hökumətinin müstəsna səlahiyyəti yoxdur. 2008-2012-ci illərdə Azərbaycanda yerli və regional hakimiyyət orqanlarının vergi gəlirləri 20% artaraq 65 milyon manatdan 78.2 milyon manata çatıb. Yerli vergi gəlirlərinin mərkəzi hökumətin gəlirlərinə nisbəti isə 0,6%-dən 0,45%-ə enib. Bələdiyyələrin məxsusi gəlir mənbələrinin dövlət büdcəsinin gəlirlərində payı isə daha sürətlə azalaraq 0,37%-dən 0.18%-ə düşüb
- Borclanma sahəsində əksmərkəzləşmə nə yerdədir?
- Avropa Xartiyasına görə, yerli özünüidarə qurumları kifayət qədər maliyyə vəsaitinə malik olmaqla yanaşı, onların əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalıdır. Azərbaycan qanunvericiliyi bələdiyyələrin hər hansı dövlət təminatı olmadan rezident bank-kredit təşkilatlarından borc götürməsinə qadağa qoymur. Bir çox ölkədə bələdiyyə kreditlərinin təyinatına və müddətinə qanunla məhdudiyyətlər qoyulur. Bəzi ölkələrin təcrübəsində bələdiyyələr yalnız qısa (3 ilədək) və orta müddətli (maksimum 10 ilədək) borclar götürə bilir. Bizdə isə bələdiyyələrin maliyyə imkanlarının məhdudluğu, girov təminatının olmaması onların borc bazarına yolunu bağlayır. Azərbaycanın bank bazarında yalnız kommersiya bankları fəaliyyət göstərir ki, onlar da girovsuz kredit verməyə risk eləmirlər.
Bəkir NƏRİMANOĞLU
|