Asiya İnkişaf Bankı Asiya ölkələri üzrə proqnozunu artırıb
Asiya İnkişaf Bankı (AİB) Çin və Hindistanın iqtisadi artım tempi üzrə proqnozları artırıb. Bundan başqa təşkilatın fikrincə, region dünya iqtisadiyyatının bərpasında lokomotiv rolunu oynayır. Bu barədə “İqtisadi forum” jurnalıAssociated Pressagentliyinə istinadən xəbər verir.
Bununla yanaşı AİB Asiya ölkələrinin iqtisadiyyatı stimullaşdırma tədbirlərindən tez əl çəkəcəyi ehtimalından ehtiyat edir.
Bank xüsusilə Çində 2009-cu ilin mart ayı üzrə ÜDM-in artım proqnozunu 7,2%-dən 8%-ə, Hindistanda isə 5%-dən 6%-ə qaldırıb. Bütün Asiya regionu üzrə iqtisadi artımı 3,4%-dən 3,9%-ə yüksəldib.
Bank Honq Konq və İndoneziyanın ÜDM üzrə artımına optimist proqnoz versə də, Tayvan, Tailand və Malayziya üzrə proqnozları azaldıb.
Asiya Bankı Asiya ölkələrinin hökumətlərinə qərbin ixrac bazarından asılılığı minimuma endirmək üçün ticarət maneələrini və region daxilində kapital axınını azaltmağı tövsiyə edib.
Xatırladaq ki, Çin böhranla mübarizə çərçivəsində 4 trilyon yuan ($585 milyard) həcmində vəsait ayırıb. Vəsait ölkə iqtisadiyyatının 10 əsas sektorunun dəstəklənməsinə yönəldilmişdi.