Rövşən Ağayev: “Dövlətin bir yolu var: çörəyin qiymətini tənzimlənən qiymətlər siyahisina salmaq”
Kənd təsərrüfatı naziri İsmət Abbasov taxılın qiymətinin aşağı düşdüyünü əsas gətirərək Azərbaycanda çörəyin qiymətini də endirməyi vacib sayıb. İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, ölkədə normal bazar iqtisadiyyatı prosesləri getsəydi, taxıl, un və çörək sənayesində inhisarçılıq, “oliqarx barmağı” olmasaydı, nə hansısa nazirin belə açıqlamasına ehtiyac yaranar, nə də bir sahibkarın iqtisadi proseslərə müdaxilə eləmək imkanı olardı.
“Media forum” saytına açıqlamasında R.Ağayev bildirib ki, çörəyin qiymətinin aşağı salınması, yaxud bu tip məsələlər inzibatçılıqla həll edilmir: “Normal iqtisadi prosesdə taxıl bazarında qiymətlər ucuzlaşırsa, bu, çörək sənayesinə də təsir etməlidir. Sadəcə, mənə təəccüblü görünən odur ki, indiyə qədər kənd təsərrüfatı nazirinin taxıl sənayesi ilə bağlı mövqeyində ziddiyyətli məqamlar olub. O cür səlahiyyətli şəxs hesab edir ki, Azərbaycanda hər şey inzibatçılıqla həll edilməlidir. Son dövrlər taxılın qiyməti iki dəfə aşağı düşüb. 2008-ci ilin birinci yarısının axırlarına yaxın dünya bazarında taxılın qiyməti maksimim həddə - 1 tonu 350-400 ABŞ dollarına çatdı. Son qiymətlər isə 160-190 dollar arasındadır. İki dəfə enmə baş verib və bu proses Azərbaycana da təsirsiz ötüşməyib. Bu il regionlarda taxılın 1 kiloqramı 10 qəpikdən alınanda kəndlilər buna sevinirdi. Taxılın kiloqramının 10-12 qəpiyə alınması tonunun 120 ABŞ dollara satılması deməkdir, bu isə dünya bazarındakı qiymətdən də 30-40 faiz aşağıdır. Bu cür ucuzlaşmaya baxmayaraq Azərbaycanda çörəyin qiyməti düşməyib”.
R.Ağayev əsas səbəbi ölkədə bazar iqtisadiyyatının olmamasında görür: “Azərbaycanda məmurlar tez-tez bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olduğu iki sahəni – nəqliyyat sahəsini və çörək sənayesini göstərirlər. Bəs hanı o özəl sektor ki, bazarda baş verən proseslərə reaksiya vermək gücündə deyil?! Özəl sektor təbii qurulubsa, iqtisadi nəzəriyyədəki standartlara uyğundursa, heç bir inzibati müdaxilə olmadan bazardakı proseslərə reaksiya göstərməlidir. Bugünkü vəziyyət isə onu deyir ki, çörək sənayesi normal fəaliyyət göstərmir, ona müdaxilələr var. Və bu müdaxilələr müxtəlif formadadır – qeyri-rəsmi müdaxilələr var, taxılın qeyri-rəsmi satışı var və sair”.
Çörəyin qiymətinin aşağı düşməsi üçün təkcə taxıl sənayesində baş verənlərə əsaslanmağı düzgün saymayan ekspert ölkədə elektrik enerjisinin qiymətinin digər ölkələrlə müqayisədə heç də aşağı olmaması, çörəkbişirmədə istifadə edilən bəzi qarışıqların gətirilməsi zamanı yol verilən qanunsuzluqları göstərir: “Vəziyyət o yerdədir ki, bu gün yalnız çörək sənayesində çalışan sahibkar bir çörəyin maya dəyərinin neçəyə başa gəldiyini söyləyə bilər. Çünki çörəyin maya dəyərinə sahibkarın qeyri-rəsmi ödəmələri, işçilərə verilən real əmək haqları kimi məqamlar daxildir. Yalnız bunları hesablamaqla rentabelliyin nə dərəcədə olduğunu demək mümkündür”.
R.Ağayev ona da toxunub ki, taxıl bazarında qiymətlərin aşağı düşməsinə baxmayaraq Azərbaycanın un bazarındakı qiymətlərdə heç bir dəyişiklik olmayıb: “Adətən, çörəyin qiymətlərindən danışanda sahibkarlar bildirirlər ki, onlar bu sənayeni işlətmək üçün taxıl deyil, un alırlar. Həqiqətdə də elədir ki, çörəyin başa gəlməsi bir neçə sənaye həlqəsindən - taxılçılıqdan, un satışından keçir. Amma bu gün Azərbaycanda unun da qiymətində heç bir dəyişiklik yoxdur. Hazırda mağazada unun 1 kiloqramının qiyməti 20-22 qəpikdir. Taxılın qiymətinin aşağı düşməsi fonunda un sənayesində baş verənlər onu göstərir ki, burda da məmur əlləri var və onlar unun qiymətinin ucuzlaşmasına imkan vermirlər. Un sənayesi xeyli inhisarlaşmış, oliqarxların ciddi nəzarətində olan bir sahədir”.
İqtisadçı ekspert hesab edir ki, Azərbaycan hökuməti çörəyin qiymətini tənzimlənən mallar siyahısına daxil etsin: “Dövlətin bir yolu var: “Tənzimlənən qiymətlər haqqında” qanuna uyğun olaraq Nazirlər Kabinetinin tərtib etdiyi, tənzimlənən qiymətlərlə bağlı siyahıdakı 40-dan çox məhsul və xidmətin cərgəsinə çörəyin qiymətini də daxil etmək. Ancaq bu, bazar iqtisadiyyatı prinsipindən imtina olardı”.