Ən yüksək hədd İspaniyada, ən aşağı hədd isə Niderlanddadır
Avqust ayında avro zonanın 16 ölkəsində və Avropa Birliyinin 27 ölkəsində ümumi işsizliyin səviyyəsi artaraq iqtisadi aktiv əhalinin 9,6% və 9,1%-i səviyyəsinə çatıb. Nəticədə işsizlərin sayı uyğun olaraq 15,2 milyon və 21,872 milyona yüksəlib. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat agentliyinə istinadən məlumat verir.
Bloomberg agentliyinin hesablamalarına görə, Avropada işsizliyin artımı ABŞ-da avqust ayında işsizliyin 9,7%-ə, sentyabrda isə 9,8%-ə yüksəlməsi ilə əlaqədar baş verib.
Avropada ən yüksək işsizlik həddi yenə də İspaniyadadır. Bu ölkədə işsizlik avqustda 18,5%-dən 18,9%-ə qədər artıb. Latviya 18,3%-lik göstərici ilə ikinci ən çox işsizlik olan ölkədir. Avropada ən aşağı işsizlik səviyyəsi Niderlandda (3,5%) və Avstriyada (4,7%) olub.
Avropa qadınları arasında işsizlik kişilərə nisbətən daha çoxdur. Belə ki, avro zona ölkələri arasında kişilərin 9,4%-i, qadınların isə 9,8%-i bekardır. Avropa Birliyində qadınlar (9,1%) və kişilər (9%) arasında fərq cüzidir.
İşsizlik ən çox 25 yaşına qədər olan gənclərə təsir edir. Avro zonanın 19,7%, Avrobirliyin isə 19,8% gənci işsizdir. İspaniya və Litvada demək olar ki, hər 3 gəncin 1-i işsizdir (39,2% və 31,2%). Niderland gənclər arasında işsizlik səviyyəsinin aşağı olmasına (6,3%) görə də liderdir.