Honq Konqda sürətli qatarlar üçün yeni xətt çəkilir
Honq Konqu Çinin sərhədyanı şəhərləri olan Şençjen və Quançjou ilə birləşdirən və 2015-ci ildə istifadəyə veriləcək sürət qatarları üçün dəmir yolunun Honq Konq tərəfinə düşən hissəsi kilometr hesabı ilə dünyada ən bahalı yol olacaq. Bu barədə “İqtisadi forum” jurnalı "South China Morning Post" qəzetinə istinadən məlumat verir.
İlkin hesablamalara görə, 26 km-lik dəmir yolunun hər kilometrinin qiyməti 190 milyon dollar olacaq və mütəxəssislərin fikrincə, bu rəqəm arta bilər. Müqayisə üçün Avrotunelin (La-Manş altındakı tuneldən dəmiryolu) hər kilometri 85 milyon dollar təşkil edib. Bu yaxınlarda Tayvanda çəkilən 345 kilometrlik sürətli dəmir yolunun hər kilometri 44,7 milyon dollara başa gəlib.
Yeni dəmir yolunun həddən artıq baha olması onun əsas hissəsinin yerin və 3 dağın altından keçməsi ilə bağlıdır. Yeraltı yolun tikintisi bir qədər ucuz başa gələ bilərdi. Ancaq Honq Konqdaki tikililərin sıxlığı yeraltı tunelin həmin tikililərin sökülməsini şərtləndirir ki, bu da əlavə xərclər yaradır.
Honq Konq nəqliyyat bürosunun hesablamalarına görə, 2016-cı ildə yeni dəmir yolundan gündəlik istifadə edənlərin sayı 99 min nəfər olacaq.