Avropa Birliyinin əksər ölkələri büdcə kəsiri üzrə qəbul edilmiş normanı pozur. Avropa Birliyinin 9 ölkəsi olan Almaniya, İtaliya, Avstriya, Belçika, Çexiya, Slovakiya, Sloveniya, Niderland və Portuqaliya 3%-lik həddi keçiblər. Bu barədə “İqtisadi forum” jurnalı Avropa Komissiyasının açıqlamasına istinadən xəbər verir.
1992-ci ildə bağlanmış Maastrix razılaşmasına görə, Avropa Birliyinə üzv olan ölkələrin büdcə kəsiri ÜDM-nin 3%-dən çox ola bilməz.
Avrokomissiyanın rəyinə görə, bu il 27 ölkədən 20-si Avropa Birliyinin təyin etdiyi normanı ötüb keçəcək. Ötən il cəmisi 2 ölkədə - Britaniya və Bolqarıstanda belə problem vardı. Avropanın böyük iqtisadiyyatına malik Almaniyada büdcə kəsiri 2009-cu ildə ÜDM-nin 3,9%-i, 2010-cu ildə isə 5,9% olacaq.
Avrokomissiya bildirir ki, kəsirin artımına səbəb vergi daxilolmalarının azalması və antiböhran xərclərinin yüksək səviyyəsidir. “Bu baxımdan büdcə kəsiri müəyyən olunmuş normanı ciddi şəkildə keçir və müvəqqəti xarakter daşımır” – komissiyanın açıqlamasında qeyd olunur.
Avrokomissiya ölkələrə vaxt verməlidir ki, onlar büdcə kəsirini qaydaya salsınlar və onu müəyyən olunmuş həddə qədər azaltsınlar. “Böhrandan öncə ölkələrə bunun üçün 1 il vaxt verirdilər. Bu müddət ərzində tapşırıq yerinə yetirilmədikdə həmin ölkəyə maliyyə sanksiyaları tətbiq edirdilər. Ancaq qlobal böhranı nəzərə alaraq möhlət müddəti 1 ildən 4 ilə qədər artırıla bilər”, - deyə avrokomissar Xoakin Almuniya bildirib.
Avrokomissiyanın tövsiyəsi Avropa Birliyinin iqtisadi proqnozu dəqiqləşəndən və maliyyə nazirləri ilə razılaşdırılandan sonra ilin sonuna qədər hazır olacaq.