Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi sabahdan bərpa ediləcək
Sabahdan etibarən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Gürcüstan ərazisində tikinti işlərinə yenidən başlanacaq.
Lent.az-ın məlumatına görə, nəqliyyat nazirinin müavini Musa Pənahov ANS-ə bildirib ki, hava şəraitinin sərt keçməsi ilə əlaqədar Gürcüstan ərazisində tikinti işləri bu ilin yanvar ayından dayandırılıb. Bu müddətdə isə əsasən layihələndirmə və kiçik həcmli işlər aparılıb.
“İlk növbədə deyim ki, bu, böhranla əlaqədar deyil, hava şəraitilə bağlıdır. Gürcüstanın tikinti aparılan hissəsində qış sərt keçir. Orada həm şaxtalar, həm də qar örtüyü var idi. Hazırda isə vəziyyət stabilləşir. Təxminən mart ayının 15-dən sonra aktiv fəal iş davam etdiriləcək. Bu o demək deyil ki, bu vaxta qədər orada iş aparılmayıb. Həmin bazada müvafiq hazırlıq işləri görülüb. Su ötürücülərinin, körpülərin dəmir beton hissələri hazırlanıb ki, hava şəraiti düzəldikdən sonra işlər daha da sürətlə aparılsın”, deyə nazir müavini bildirib.
Nəqliyyat nazirinin müavini bildirib ki, dəmir yolu layihəsinin Türkiyə ərazisində də sürətli tikinti işləri davam etdirilir. Ona görə də layihə nəzərdə tutulmuş tarixdə yekunlaşacaq.