Qlobal maliyyə böhranı büdcə gəlirlərini “qurutdu”
2010-cu ilin büdcə gəlirlərində əsas vergi mənbələri üzrə daxilolmalar azalıb. “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri bu azalma qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri ilə əlaqələndirirlər.
2010-cu ilin büdcə gəlirləri 10,015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18% vəya 2,162 milyard manat azdır. Başa çatmaqda olan 2009-cu ilin büdcə gəliri 12,177 milyard manat proqnozlaşdırılıb.
Ekspertlərin hesablamalarına görə, büdcə gəlirlərində Neft Fondunun transfertlərinin payı artıb. Büdcə gəlirlərinin təxminən yarısı Neft Fondunun transfertləri hesabına formalaşacaq. Bunun üçün Fondan dövlət büdcəsinə 4,915 milyard manat yönəldiləcək ki, bu da büdcə gəlirlərinin 49,1%-i qədərdir. 2009-cu ildə Neft fondununu transfertlərinin payı 40,4% təşkil edirdi.
Gəlir mənbələri üzrə əsas azalma mənfəət vergisində olub. Belə ki, mənfəət vergisi üzrə daxilolmalar 2 dəfə azalaraq 2009-cu ildəki 2,214 milyarddan 1,096 milyard manata düşüb. Bu vergi növünün gəlirlərin formalaşmasında xüsusi çəkisi 18,2%-dən 10,9%-ə kimi azalıb. Jurnala açıqlamasında ekspertlər mənfəət vergisinin 2 dəfə azalmasını "Əsrin müqaviəsi" çərçivəsində xarici şirkətlərin ödədiyi mənfəət vergisindən daxilolmaların azalması ilə bağlayırlar.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 220 milyon manat və ya 25% azalıb. Bu vergi növü üzrə daxilolmalar 680 milyon manat olacaq. Halbuki 2009-cu ildə 900 milyon manat proqnozlaşdırılıb. İTYİB ekspertləri bu azalmanı qlobal böhranın təsiri nəticəsində ölkədə iş yerlərinin bağlanması və işçilərin maaşların azaldılması ilə bağlayır. Bu azalma eyni zamanda büdcədən tikinti məqsədləri ilə investisiya xərclərinin ixtisarı ilə əlaqədar ola bilər.
ƏDV üzrə daxilolmalar isə 1,876 milyard manat proqnozlaşdırılıb. ƏDV üzrə azalma 419 milyon manat və ya 18,3% olub. Ekspertlərin fikrincə, bu ölkədə iqtisadi fəallığın azalması ilə bağlı ola bilər
Hüquqi şəxslərdən əmlak vergisi 101 milyon, mədən vergisi 130 milyon, gömrük rüsumları 213,5 milyon manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə hüquqi şəxslərdən əmlak vergisi 34 milyon, mədən vergisi 7 milyon, gömrük rüsumları 89,2 milyon manat azalıb.
Bəzi vergi növləri üzrə daxilolmalar isə artıb. Belə ki aksiz vergisi 552 milyon, sadələşdirilmiş vergi isə 90 milyon manat proqnozlaşdırılıb. Uyğun olaraq aksiz vergisi 67 milyon, sadələşdirilmiş vergi 12 milyon manat artıb.