Avropa Birliyi Çinin yardımı ilə valyutasını ucuzlaşdırmaq istəyir
Avro zonanın iqtisadiyyat və maliyyə nazirləri Lüksemburqda oktyabrın 19-da keçirilən yığıncaqda avronu Çinin köməkliyi ilə ucuzlaşdırmaq barədə qərar qəbul ediblər. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, ilin sonuna kimi avro zonanın ən azı üç ölkəsinin maliyyə nazirləri ilin sonuna kimi müvafiq danışıqlar üçün Çinə səfər edəcəklər.
Avropalı nazirləri konkret təkliflərinin detalları açıqlanmır. Məlum olanı odur ki, valyuta bazarında Çinlə siyasətlərini razılaşdırmaq barədə avropalılarda artıq vahid mövqeləri mövcuddur.
Lüksemburq görüşündən sonra Fransanın maliyyə naziri Kristin Laqard bildirib ki, Avropa Birliyi daha çox dolların digər valyutalara nisbətən möhkəmlənməsinin tərəfdarıdır.
Son zamanlar avronun dollara nisbətən məzənnəsi yüksəlib və artım tendensiyası davam etməkdədir. Avropalı iqtisadçıların fikrincə, bu amil Avropa mallarının rəqabət qabiliyyətinə mənfi təsir göstərir və ixracın həcmini azaldır.
İqtisadçıların fikrincə, avronun kursu bir tərəfdən avro zonanın bəzi ölkələrində böhranın bitməsi ilə bağlıdırsa, digər tərəfdən ABŞ hökumətinin xarici borcunu azaltmaq məqsədilə valyutasını aşağı səviyyədə saxlamaqla əlaqədardır.
Çin ötən ilin dekabrından ixracı stimullaşdırmaq üçün süni olaraq yuanın kursunu aşağı səviyyədə saxlayır. Bu isə həm ABŞ, həm də Avropa Birliyi ölkələri tərəfindən narazılıqla qarşılanıb.