İl ərzində Riqada daşınmaz əmlak 59% dəyərsizləşib
Son ildə ən çox Riqada yaşayış evləri ucuzlaşıb. “İqtisadi forum” jurnalının Global Property Guide tədqiqat şirkətinə istinadən verdiyi məlumata görə, Latviyanın paytaxtında qiymətlər orta hesabla 59% ucuzlaşıb. Biznes klass tipli evlərin hər kvadrat metri bu şəhərdə alıcılara orta hesabla 2,3 min avroya başa gəlir.
Bu günlərdə Global Property Guide tədqiqat şirkəti dünyanın müxtəlif ölkələrinin iri şəhərlərində yaşayış evlərinin qiymətinin dəyişməsi ilə bağlı məlumatlarını təzələyib.
Daşınmaz əmlak bazarında ən çox ucuzlaşmaya məruz qalan növbəti ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkədə evlərin qiyməti 50% dəyərsizləşib. Əmlakın qiyməti Estoniyada 30,8%, Ukraynada 26,6%, Sinqapurda 24,9% düşüb.
Yay aylarında Nyu Yorkun nüfuzlu ərazilərində bir kvadratmetr yaşayış sahəsi 9-10,8 min, Londonda isə 9,5-12,3 min avro idi. Bu ölkələrdə il ərzində qiymətlər 14% ucuzlaşıb. Avropa ölkələri arasında Danimarkada, Fransada, İrlandiyada, İslandiyada və Bolqarıstanda qiymətlər il ərzində 5% azalıb.
Ancaq qlobal böhrana baxmayaraq yaşayış evlərinin qiymətinin bahalaşdığı ölkələr də var. İl ərzində İsraildə 8,4%, İsveçrədə 5%, Lüksemburqda 2% artıb.