Avropada işsizlik son 10 ildə ən yüksək həddə çatıb
Sentyabr ayında avrozona ölkələrində işsizliyin səviyyəsi avqust ayı ilə müqayisədə artaraq 9,6%-dən 9,7%-ə çatıb. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, bu son 10 ildə ən yüksək göstəricidir.
Avropa Birliyinin (AB) 27 ölkəsində bu müddətdə işsizliyin səviyyəsi 9,2% təşkil edib ki, bu da 2000-ci ilin yanvar ayından bəri ən yüksək göstəricidir. Avqust ayında işsizlik 9,1% olub.
Eurostat agentliyinin məlumatına görə, sentyabr ayında AB-də işsizlərin sayı 22,123 milyona nəfərə çatıb. İşsizlərin 15,324 milyonu avrozona ölkələrinin payına düşür. Avqust ayı ilə müqayisədə AB-də sentyabrda 5,001 milyon, avrozonada isə 3,204 milyon nəfər artıb.
Ən aşağı işsizlik Niderlandda (3,6%), ən yüksək isə Latviya (19,7%) və İspaniyada (19,3%) qeydə alınıb.
Yüksək işsizlik səviyyəsini və aşağı əmək haqqını Avropalılar yoxsulluğun əsas səbəbi sayır. Onların fikrincə, bu, birləşmiş Avropanın ən qlobal problemidir. Avropanın “Eurobarometr” ictimai fikir xidmətinin tədqiqatlarına əsasən AB əhalisinin 16%-i və ya 80 milyon nəfəri yoxsulluq həddində yaşayır. Onların işədüzəlmə, təhsilə, yaşayış evinə, sosial təminata və maliyyə xidmətlərinə əlçatanlıqla bağlı böyük problemləri var.