Soros: Dünya iqtisadiyyatının bərpası 2010-cu ildən başlaya bilər
“Dünya iqtisadiyyatının bərpası müddəti hazırki böhranın dərinliyindən asılı olacaq. Ancaq onun artıq 2010-cu ildən başlayacağı istisana deyil”. "İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu barədə Reuters telekanalına açıqlamasında məhşur maliyyəçi Corc Soros bildirib. Onun fikrincə, nəhayət ki, siyasətçilər böhranın mahiyyətini və maliyyə sistemində hansı struktur səhvlərinin düzəldilməsinə ehtiyac olduğunu anlamağa başlayıblar. “Böhrana qədərki sistem tamamilə məhv edilib və artıq geriyə yol olmayacaq”, - deyə Soros vurğulayıb.
Maliyyəçi hesab edir ki, Çin iqtisadiyyatı ilk olaraq dünya böhranından “qurtulacaq” və digər ölkələr üçün lokomotiv rolunu oynayacaq. “Ola bilsin ki, Çində bərpa bu ilə təsadüf etsin”, - o ümidlərini bidirib.
Soros ABŞ iqtisadiyyatı ilə bağlı optimist fikirdə deyil. O, hesab edir ki, ABŞ iqtisadiyyatının bərpası çətin ki, cari ilin üçüncü və dördüncü rübündə başlasın. İnvestorun fikrincə, Amerika banklarının rekapitalizasiyası düzgün aparılmayıb və bir çox hallarda eks-prezident Corc Buşun administrasiyasının yanaşmasına bənzəyir. Bank sisteminə pul axını uğur gətirmir, çünki əldə edilmiş vəsaitlər gələcəkdə kreditləşməyə sərf olunmur.
Soros avrozonaya daxil olmağı onun üzvləri üçün “böyük üstünlük” sayıb. Onun fikrincə, Ukrayna istisadiyyatı çox acinacaqlı vəziyyətdədir və yaxın zamanlarda defoltun baş verməsi istisna olunmur.
Soros Latviya, Litva və Estoniya iqtisadiyyatında da “ciddi problemlər”in olduğunu dilə gətirib.