Dövlət məxsus KİV-lər bu Fonddan maliyyələşəcək
2010-cu ilin dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təxminən 2 milyon manat ayrılacaq ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsində istinadən xəbər verir.
2009-cu ildə fəaliyyətə başlayan KİV-ə Dövlət Dəstəyi Fonduna bu il dövlət büdcəsindən 2 milyon manat ayrılması planlaşdırılır. Bu 2009-cu ilin gözlənilən icrasından 962 min manat çoxdur.
2009-cu ildə layihələrin maliyyələşdirilməsi üçün Fonda 1,1 milyon manat ayrılıb.
Bu ilki artımın əsas səbəbi dövlət büdcəsindən maliyyələşdirilən qəzet və jurnalların dövlət büdcəsindən birbaşa yox, Fond vasitəsilə yardım alması ilə əlaqədardır. Belə ki, gələn ildən etibarən Azərbaycan”, “Göyərçin”, “Günəş”, “Qobustan”, “Literaturniy Azerbaydjan”, “Ulduz” kimi jurnallar, habelə “Ədəbiyyat” və “Savalan” qəzetləri dövlət maliyyəsini Fonddan alacaqlar.
Məlumat üçün bildirək ki, 2009-cu ildə “Azərbaycan” jurnalına 130 min, “Göyərçin” jurnalına 45 min, “Günəş” jurnalına 32,5 min, “Qobustan” jurnalına 44,8 min, “Literaturniy Azerbaydjan” jurnalına 62,7 min, “Ulduz” jurnalına isə 52,9 min manat ayrılmışdı. Ötən il “Ədəbiyyat” qəzetinə 162,7 min, “Savalan” qəzetinə isə 44,8 min manat nəzərdə tutulub. Üst-üstə qəzet və jurnalların maliyyələşdirilməsinə 2009-cu ildə dövlət büdcəsindən 575 min manat ayrılıb. |