Depozitlər isə azalıb
Cari ilin oktyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi avqust ayı ilə müqayisədə 94,6 milyon manat azalaraq 4220 milyon manat təşkil edib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına əsasən məlumat verir.
2009-cu ilin yanvar ayının 1-i tarixinə depozit və əmanətlərin həcmi 4760,7 milyon manat olub. Son 9 ayda depozit və əmanətlərin həcmi 540 milyon manat vəya 11,4% azalıb. Kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin 50,2%-i və ya 2120,8 milyon manatı əmanətlərin, 49,8%-i və ya 2099,2 milyon manatı depozitlərin payına düşüb.
Avqust ayı ilə müqayisədə depozitlərin həcmi 8,3% və ya 189,8 milyon manat azalıb. Avqust ayında qeyr-maliyyə təşkilatlarının depozitləri 2289 milyon manat təşkil edib. Depozitlərin 702,2 milyonu və ya 33,5%-i manatla, 1397 milyonu və ya 66,5%-i isə xarici valyuta ilə yerləşdirilib. Halbuki avqust ayında manatın payı 36,5%, xarici valyutanın payı isə 63,5% olub. Milli valyuta həm mütləq, həm də nisbi həcmdə azalıb.
Əhali əmanətlərinin həcmi ötən ayla müqayisədə 125 milyon manat artıb. Belə ki, avqust ayında əhali tərəfindən ölkə banklarına yerləşdirilən əmanətlərin həcmi 2025,5 milyon manat olduğu halda, sentyabrda artaraq 2120,8 milyon manata çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 12,2% artıb.
Əmanətlərin 806,1 milyonu manatla, 1314,7 milyonu isə xarici valyutada yatırılıb. Ötən ayla müqayisədə əhali əmanətlərində milli valyuta olan manatın payı da artıb. Manatın xüsusi çəkisi avqust ayındakı 36,2%-dən sentyabrda 38%-ə qalxıb. |