Vergilər naziri Fazil Məmmədovun əmri ilə 2009-cu il dekabrın 31-nə qədər istehsalla məşğul olan müəssisələrdə vergi yoxlamaları müvəqqəti dayandırılır.
Amma bu aksizli mallarının istehsalı və faydalı qazıntılarla məşğul olan sahibkarlara şamil edilməyəcək. Belə yoxlamalar yanacaqdoldurma məntəqələrində də aparılacaq. Bundan fərqli olaraq aylıq dövriyyəsi 30 min manatdan yüksək olan, ödənişi posterminallar vasitəsilə pərakəndə ticarət və ictimai iaşə obyektlərində belə yoxlamalar keçirilməyəcək. İlin sonuna qədər səyyar və xronometraj yoxlamalar ayda 30 min manatdan az olmayaraq vergi ödəyən şadlıq evlərində, sahəsi 6 kvadratmetrdən az olan pərakəndə ticarət obyektlərində aparılmayacaq. Bu ilin yanvarın 1-dən də ev tikintisi ilə məşğul olan şirkətlər ilin sonuna qədər yoxlamalardan azaddır. Yeni qərarın əhatə dairəsi genişdir. Belə ki, 2 nəfərdən çox işçisi olmayan zərgərlik məhsulların istehsalı və təmiri ilə məşqul olan obyektlərdə, mebel istehsalı və təmiri üzrə müəssisələrdə, foto-video xidmət, paltar, ayaqqabı tikişi və təmiri, trikotaj məhsullar obykektlərində, məişət texnikası təmirində, avtonəqliyyat vasitələrinin təmiri və xidməti ilə məşqul olan obyektlərdə yoxlamalar ilin sonuna qədər dayandırılır. Vergilər Nazirliyindən ANS-ə verilən məlumata görə, yeniliklər sahibkarların vergidən yayınması, sui-istifadə hallarına imkan verməyəcək. Belə ki, sahibkarlara nəzarət kameralar və bəyənnamələrin yoxlanılması vasitəsilə həyata keçiriləcək.