Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı
|
"İqtisadi forum" jurnalının məlumatına görə, aprelin 14-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, İqtisadi İnkişaf və Maliyyə Nazirlikləri ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək tapşırılıb.

Sənəddə göstərilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında (2006-2007-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq edilib.
Nazirlər Kabinetinə həmçinin İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparmaq barədə də tapşırıq verilib.
İqtisadi İnkişaf Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
Dövlət Proqramını buradan yükləyə bilərsiniz |
| Tarix: 24 Aprel 2009 | Baxış sayı: 437 |
|