Rusiya ipoteka kreditləşməsinə $8,6 milyard ayırır
Rusiya hökuməti 2010-cu ildə ipoteka kreditləşməsi üçün $8,6 milyard həcmində vəsait ayıracaq. “İqtisadi forum” jurnalının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bu barədə “Vahid Rusiya” partiyasının yığıncağında çıxışı zamanı bildirib.
“Vneşekonombankın (VEB) idarəçiliyində olan pensiya yığımının bir hissəsi Rusiya banklarının etibarlı ipoteka istiqrazlarına yatırılacaq. Söhbət 163 milyard rubldan ($5,6 milyard) gedir. Bundan başqa belə kağəzların alınmasına VEB öz vəsaitindən əlavə olaraq 50 milyard rubl ($1,7 milyard) yönəldəcək. Üstəgəl 40 milyard rubl ($1,4 milyard) İpoteka Mənzil Kreditləşməsi üzrə Agentlikdən (Агентство по ипотечному жилищному кредитованию) daxil olacaq”, - Putin deyib.
Putin eyni zamanda bildirib ki, ipoteka sistemi pis inkişaf edib və kredit dərəcələri 14-15%-dir ki, bu da yüksək həddir. Onun sözlərinə görə, əhalinin əksər hissəsi üçün ipoteka kreditləşməsinin əlçatan olması üçün ekspertlər kredit dərəcəsinin 10-11%-ə düşməsini təklif edir. “Biz artıq 2010-cu ildə bu həddi təmin etməliyik. Növbəti illərdə isə kerdit dərəcələri artıq 6-7%-ə düşməlidir”, - deyə Putin əlavə edib.