Britaniya kraliçası II Yelizaveta da yardımın ümidinə qalıb
“İqtisadi forum” jurnalının BBC radiosuna istinadən verdiyi məlumata görə, ötən il Britaniya kraliçası II Yelizaveta Avropa Birliyinin aqrar büdcəsindən 530 min avro məbləğində maddi yardım alıb. Yardımın məqsədi kraliçaya məxsus ferma və meşə təsərrüfatını dəstəkləməkdir.
Kraliçanın böyük oğlu Uels şahzadəsi Çarlz da həmçinin yardım alanlar sırasındadır. Şahzadəyə anasından 3 dəfə az - 180 min avro məbləğində yardım verilib. Britaniyanın iri mülkədarı olan Vestminster hersoquna isə 540 min avro ödənilib.
Ötən il ümumilikdə vahid aqrar siyasəti büdcəsi vasitəsilə 55 milyard avro məbləğində yardım verilib.
Avropa Birliyi ölkələri arasında ən çox ödəniş Fransanın payına düşüb – 10,4 milyard avro. 1 milyon avro məbləğində yardım bir sıra Avropa ölkələrində iri torpaq sahələri olan İsveçrənin Nestle şirkətinə verilib. Britaniyanın Tate & Lyle şirkəti də bu məbləğdə yardım alıb. Ödənişlər fermer təsərrüfatını dəstəkləmək məqsədi daşıyıb.