İxrac tələbatı ödəmək iqtidarında olmadığından dünya 2010-cu ilin birinci yarısında şəkər qıtlığı ilə üzləşə bilər. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, İsveçrənin şəkər brokeri Kingsman SA şirkətinin direktoru Conatan Kinqsmen belə açıqlama verib.
Kinqsmenə görə, təmiz şəkər qıtlığı 3-4 ton olacaq. Pakistan, Banqladeş, Malayziya və s. kimi ölkələr qıtlıq səbəbindən şəkər idxalında problemlərlə üzləşirlər.
Ekspertin fikrincə, vəziyyət daha da pisləşə bilər və yeganə çıxış yolu istehlakın azaldılması ola bilər. Çünki qiymətlərin bahalaşması çıxış yolu deyil.
Sentyabrda şəkərin qiyməti əlverişsiz hava şəraiti ucbatından Braziliya və Hindistandan tədarükün azalacağı ehtimalına son 28 ildə ən yüksək həddə çatmışdı. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, Hindistan oktyabrın 1-dən başlayaraq bir il ərzində rekord səviyyədə 6 milyon ton şəkər idxal etməli olacaq.
Ukraynada şəkər təklifinin azlığı müşahidə edilir. Qiymət artımına səbəb cari ildə 1,5 milyon tonluq istehsala qarşı 2 milyon ton həcmində istehlakı olması olub. 2009-cu ildə 11-12 milyon ton həcmində şəkər çuğunduru istehsalı gözlənilir ki, bundan da 1,3 milyon ton miqdarında şəkər almaq mümkün olacaq. Şəkər bazarında vəziyyət hökumətin addımından asılı olacaq. Dövlət ehtiyatında olan şəkər kəsiri aradan qaldırmaq üçün bəs etməyə bilər. Ancaq vəziyyəti Belorusdan ağ şəkərin idxalı bir qədər sabitləşdirə bilər. |