Mərkəzi Bank son bir ildə 6-cı dəfə bu addımı atır
“İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Mərkəzi Bank mayın 25-dən etibarən uçot dərəcəsini 2%-ə endirib. Məlumat üçün bildirək ki, bu vaxta qədər uçot dərəcəsi 3% həddində olub. Mərkəzi Bank bu addımını ölkədə deflyasiya proseslərinin getdiyi dövrdə iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədilə izah edir. Bankın İdarə Heyətinin qərarı ilə həmçinin faiz dəhlizinin yuxarı həddi 8%-dən 7%-ə endirilib.
Məlumat üçün bildirək ki, 2008-ci ilin oktyabr ayından başlayaraq Mərkəzi Bank uçot dərəcəsi azaltmaq siyasətini yürüdür. Həmin dövrdə uçot dərəcəsi özünün ən yüksək həddində - 15% olub. O dövrdən sonra Bank 6 dəfə dərəcələri azaldıb. Oktyabrın 14-də 12%-ə, həmin ayın 31-də 10%-ə, dekabrın 1-də 8%-ə qədər endirilib. 2009-cu ildə isə 3 dəfə dərəcələr azaldılıb. Fevralın 2-də 5%-ə, martın 2-də 3%-ə və nəhayət mayın 25-də 2%-ə endirilib.