Rövşən Ağayev: «Seçki Məcəlləsinə dəyişiklik edilərək kiçik kəndlərin iri bələdiyyələrdə təmsilçilik imkanının olması üçün qanunvericilik bazası yaradılmalıdır»
Bu il keçiriləcək bələdiyyə seçkilərinədək ölkədə fəaliyyət göstərən bələdiyyələrin sayının 2757-dən 1755-ə qədər azaldılması nəzərdə tutulub. Artıq dövlət başçısının imzası ilə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi üzrə qanun” Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olunub.
Rəsmilərin açıqlamalarına görə, burada məqsəd kiçik bələdiyyələrin birləşdirilməsidir. Amma bəzi ekspertlər hesab edirlər ki, bu addımın bir sıra neqativ cəhətləri də ola bilər. Bu səbəblər sırasında isə ilk olaraq az səsi olan kəndlərin bələdiyyəyə təsir imkanını itirməsi göstərilir. Milli Məclisə təqdim olunan qanun layihəsiylə yeni tanış olduğunu deyən iqtisadçı-ekspert Rövşən Ağayev bildirdi ki, əslində bələdiyyələrin birləşdirilməsiylə sözügedən institut yaranarkən yol verilmiş xətaları aradan götürmüş olacaq. Ümumiyyətlə Azərbaycanın dövlət aparatında büdcədən maliyyələşən kifayyət qədər ştatların olduğunu deyən R.Ağayev əlaə etdi ki, sistemli şəkildə onların ləğvi büdcəyə müəyyən qədər rahat nəfəs almağa imkan verərdi. Konkret olaraq bələdiyyələrin birləşdirilməsinin müsbət və mənfi cəhətlərinə gəlincə isə R.Ağayev qeyd etdi ki, proses özü müsbət olsa da, bir sıra məqamlar var ki, onların həllinin yuvanmasına imkan verilməməlidir: “Bələdiyyələrin ölçüsünün kiçik, sayının isə çox olması bələdiyyələr üçün ayrılan resursların parçalanmasına səbəb olur. Eyni zamanda bələdiyyələrin ölçüsünün kiçikliyi və potensialının zəif olması onların maliyyə bazarına çıxışını zəiflədir. Bu da öz növbəsində donorların bu institutlara marağının olmamasına gətirib çıxarır. Müqayisə üçün deyim ki, Almaniya birləşdikdən sonra əgər 90-cı ildə 24000 bələdiyyəyə sahib idisə, islahatlardan sonra onların sayı 8000 qədər azaldıldı. Yunanıstanda 1999-cu ildə 5200 bələdiyyə var idisə, 2001-ci dəyişikliklərindən sonra onlar 5 dəfə azaldıldı. Türkiyədə isə yeni dəyişikliyə görə əhalisi 5000 nəfərdən az olan ərazilərdə bələdiyyələrin yaradılması qadağandır. Azərbaycanda bələdiyyə institutu təzə-təzə formalaşdırılarkən ciddi səhvlərə yol verilmişdi. Səhvlərdən ən birincisi onların sayı ilə bağlı idi. Təəssəvür edin hətta 35 nəfər əhalisi olan yerdə belə bələdiyyə yaradılmışdı. Ona görə düşünürəm ki, bu strukturdakı neqativ məqamlar aradan qaldırılmalıdır”.
Son yeniliklərdən sonra iri rayonlardan Şəkidə 26, Şəmkirdə 11, Tərtərdə 15, Tovuzda 21, Yardımlıda 32, Ağsuda 28, Lerikdə 70 bələdiyyənin ixtisara salınacağını deyən R.Ağayevin fikrincə, bələdiyyələr birləşdirildikdən sonra 2 məqama diqqət yetirilməlidir: “Hələ ki, bələdiyyələrin səlahiyyətlərinin daha da genişləndirilməsi və maliyyə strukturunun yenidən formalaşdırılmasıyla bağlı məsələlər ləngiyir. Halbuki onların tez bir zamanda həlli olduqca vacibdir. Əgər bələdiyyələr birləşdirilirsə, deməli onların səlahiyyət sistem idə yenidən qurulmalıdır. Dövlət büdcəsindən bələdiyyələr üçün ayrılan vəsait və bələdiyyələrə vergilər hesabına gələn maliyyənin miqdarına da yenidən baxılmalıdır. Eyni zamanda düşünürəm ki, məcəlləyə dəyişiklik edilərək 200-250 nəfərə bir seçki kvotası müəyyən edilməlidir”.