Növbəti onillikdə dünyanın maliyyə mərkəzi olan London mövqeyini Şanxaya verə bilər. “İqtisadi forum” jurnalının BBC News agentliyinə istinadən verdiyi məlumata görə, Eversheds hüquq firmasının müxtəlif ölkələrdə 600 tanınmış biznesmen arasında apardığı sorğuya əsaslanmış tədqiqatın nəticəsi bu fikri təsdiq edir.
Eversheds şirkətinin sorğusu eyni zamanda 2010-cu ildə Şanxay və Londonda iqtisadi perspektivlə bağlı fərqi də aşkara çıxarıb. Şanxayda respondentlərin 90%-dən çoxu 2010-cu il üçün nikbin proqnoz verdiyi halda, Londonda “nikbin”lərin sayı cəmisi 22% təşkil edib.
Eversheds-in fikrincə, dünyanın əsas maliyyə mərkəzi olan Nyu-Yorkda rəyi soruşulanların 35%-i nikbin fikir söyləyib.
Hələ bir neçə il öncə hesab edilirdi ki, Nyu-York dünyanın maliyyə paytaxtı qismində mövqeyini itirir. Həmin vaxt ABŞ-ın məmurları şirkətləri Londona köçməyə məcbur edən maliyyə sektorunun tənzimlən sisteminə narazılıqlarını bildirmişdilər. Böhran dövründə isə vəziyyət dəyişib. Britaniyada hakimiyyət ABŞ-la müqayisədə daha çox bankların hüquqlarını məhdudlaşdırılmasına çalışır.
Qeyd edək ki, Dünya İqtisadi Forumu (World Economic Forum) tərəfindən tərtib edilən qlobal maliyyə mərkəzlərinin 2009-cu il üzrə reytinqi cədvəlində birinci yeri Britaniya tutur. Ötən ilin lideri olan ABŞ isə Avstraliyaya da güzəştə gedərək üçüncü yeri tutub.