Ölkə sənayesində 19,8 milyard manat həcmində məhsul istehsal edilmiş və xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Sttistika Komitəsi məlumat verib.
Əsas sənaye məhsullarından xam neftin hasilatı 13,5% artaraq 46,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 1,3% artaraq 14,8 milyard kub metr olub. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşüb.
Ümumi istehsalın 92,7%-i sənaye mallarının, 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Mədənçıxarma bölməsində istehsalın həcmi 15 milyard manat, emal bölməsində 3,8 milyard manat, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 1 milyard manat olub.
İstehsal edilmiş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 230,6 milyon manatlıq və ya əvvəlki ayla müqayisədə 4,6 milyon manat az hazır məhsul ehtiyatı olub.