ABŞ Konqresinin Nümayəndələr Palatası işsizliklə mübarizəyə və ölkə iqtisadiyyatında 1930-cu illərdən sonra baş vermiş ən böyük böhranın təsirlərinin aradan qaldırılmasına 155 milyard ayrılması qərarını təsdiqləyib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İTAR-TASS agentliyi xəbər verib.
Vəsaitin $50 milyardı on minlərlə iş yeri yaratmağa qadir olan hazır tikinti layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Bir o qədər də vəsait müəllimlərin, polis işçilərinin və digər dövlət qulluqçularının ixtisarının qarşısını almaq üçün ciddi maliyyə çətinliyi ilə üzləşmiş ştat və bələdiyyə hakimiyyəti orqanlarına sərf olunacaq.
Ümumilikdə götürdükdə qanun layihəsinin müəlliflərinin sözlərinə görə, sənəd bir çox məsələlərdə bundan əvvəl qəbul edilmiş qanunu təkrarlayır. Belə ki bir qədər əvvəl Amerika iqtisadiyyatının dirçəlməsi üçün qəbul edilən $787 milyardlıq qanun ölkədə 1,6 milyonluq iş yerinin yaradılmasını nəzərdə tuturdu.
Qanun layihəsinin maliyyələşdirilməsi qismən Buş hakimiyyəti dönəmində 2008-ci ilin oktyabrında işə düşmüş problemli aktivlərin alınması üzrə dövlət proqramından ayrılacaq vəsaitlər hesabına həyata keçiriləcək. TARP adını almış və ilkin olaraq $700 milyard qiymətləndirilən bu proqram vəsaitləri tam sərf etmədiyindən artıq yeni antiböhran tədbirləri üçün “donorluq” edir. Hesab edilir ki, TARP proqramından qalmış vəsait yeni antiböhran paketinin $75 milyardını örtəcək.