Azərbaycan son illər özünün karbohidrogen (neft-qaz) ehtiyatları hesabına yüksək gəlirlər əldə edən ölkələrdən biridir. Ölkə iqtisadiyyatının bütün kəmiyyət və keyfiyyət parametrlərində, hökumətin yürütdüyü siyasətdə, habelə ölkə əhalisinin rifah səviyyəsində bu gəlirlərin təsiri geniş mənada (həm müsbət, həm də mənfi istiqamətdə) hiss olunmaqdadır.
Son 5 ildə - 2004-2008-ci illər dövründə - Azərbaycanda neft hasilatı həcmləri təqribən 3 dəfəyədək artmış, 15.6 milyondan 44.5 milyon tona çatmışdır (1). Bu dövrdə ARDNŞ-in neft hasilatı həcmləri nisbətən sabit olaraq (təqribən 8.9- 8.7 milyon ton həddində) qalmasına rəğmən, “Əsrin müqaviləsi” kimi tanınan Azəri-Çıraq-Günəli (AÇG) layihəsi üzrə ABƏŞ-in hasilat həcmləri kəskin artmışdır. Ölkədə ümumi neft hasilatı məhz bunun hesabına baş vermişdir. AŞG layihəsi üzrə neft hasilatı 2004-cü ildə 6.7 milyon ton olmuşdusa, 2005-ci ildə 13.5 milyon ton (2 dəfə çox), 2006-cı ildə 24.3 milyon, 2007-ci ildə 33.8 milyon, 2008-ci ildə isə 35.8 milyon ton təşkil etmişdir. 2008-ci ildə ölkədə çıxarılan bütün neftin 80 faizindən çoxu ABƏŞ-in payına düşüb, halbuki 2004-cü ildə bu göstərici 43.0 faizi idi.
Son 5 ildə (2004-2008-ci illərdə) ölkədə qaz hasilatı həmləri də sürətlə artmış, 4.5 dəfə yüksəlmişdir. Əgər 2004-cü ildə ölkədə hasil olunan bütün (5.0 milyard kub metr) qazın 80.0 faizini ARDNŞ çıxarmışdısa, 2008-ci ildə hasil olunan 22.8 milyard kub metr qazın yalnız 34.2 faizi onun payına düşürdü. 2004-cü ildə sazişlər çərçivəsində cəmi 1.0 milyard kubmetr qaz çıxarılmışdısa, 2008-ci ildə bu göstərici artıq 15.0 milyard kubmetrə çatmışdır. Baş vermiş artım əsasən “Şahdəniz” layihəsi üzrə qaz hasilatının son illər sürətlə artması ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, bu dövr həm də dünya bazarlarında neft və qazın qiymətlərinin sürətlə artması ilə səciyyələnir. Əgər 2004-cü ilin əvvəllərində (yanvarında) dünya bazarlarında neftin bir barrelinin qiyməti 30-31 dollar olmuşdusa, 2008-ci ilin iyulunda bu qiymət özünün ən yüksək səviyyəsinə - 147 dollar həddinə çatmışdı.(2) Sonradan dünya maliyyə böhranı ilə əlaqədar olaraq bu qiymətlərin qısa bir müddətdə kəskin düşməsi baş vermiş, ilin sonuna təqribən 40-42 dollar səviyyəsində qərarlaşmışdır. Buna baxmayaraq 2008-ci ildə dünya bazarlarında neftin bir barrelinin orta illik qiyməti təqribən 100 dollar səviyyəsində olmuşdur.
Sazişlər üzrə hasil edilən karbohidrogenlər, demək olar ki, tamamilə ixrac olunduğundan (AÇG üzrə çıxan qaz Azərbaycana əvəzsiz olaraq verilir) son illər ölkənin xarici ticarət dövriyyəsinin böyüməsi baş verir. Neftin orta illik bazar qiymətinin 100 dollar səviyyəsində olduğu 2008-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin kəskin artması xüsusilə diqqəti cəlb edir. 2004-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 7.1 (o cümlədən, ixrac 3.6, idxal 3.5) milyard dollar, 2007-ci ildə isə 11.8 (ixrac 6.1, idxal 5.7) milyard dollar olduğu halda, 2008-ci ildə 55.0 (ixrac 47.8, idxal 7.2) milyard dollar təşkil etmişdir. Əvvəlki illə müqayisədə 2008-ci ildə idxal 26.3 faiz artdığı halda, ixrac 7.8 dəfə böyümüş və xarici ticarət dövriyyəsinin 87 faizini təşkil etmişdir. Qeyd etmək lazımdır ki, 2008-ci ildə ölkədən ixrac edilən 47.8 milyard dollarlıq məhsulun 46.4 milyardı yaxud 97,1 faizi neft və neft məhsulları olub.(3)
Ölkədə neft-qaz hasilatı və ixracı həcmlərinin ildən-ilə artması ÜDM-nin artım dinamikasına və templərinə də müvafiq təsir göstərib. Belə ki, 2005-ci ilədək ölkədə ÜDM-in artımı nisbətən sabit templərlə baş verirdisə, həmin ildən başlayaraq artım templəri ildən-ilə sürətlə dəyişib: hər növbəti 2 il müddətində - 2006-cı ildə 2004-cü illə, 2007-də 2005-lə, 2008-də isə 2006-cı illə müqayisədə - ÜDM-in həcmi 2.1 dəfədən çox artmışdır.(4) 2008-ci ildə ölkədə yaradılan ÜDM-in həcmi 2004-cü ildə olduğundan 4.5 dəfə çox olub.
2004-cü ilədək ÜDM-də qeyri-neft sektorunun payı üstünlük təşkil etdiyi halda, 2005-ci ildən neft sektorunun payının artması başlıca tendensiya olub. Neft-qaz sektoru üzrə ÜDM-in illik artım templəri 2004-cü ilədək aşağı səviyyədə (illik 3-4 faiz) olsa da, hasilat və ixrac həcmlərinin artması və neftin dünya bazar qiymətlərinin yüksək olması nəticəsində sonrakı illər sürətlə yüksəlmiş, 2005-ci ildə 66.3 faiz, 2006-cı ildə 63.1 faiz və 2007-ci ildə 51.0 faiz təşkil etmişdir. Bununla belə, 2008-ci ildə neft hasilatının əsasən sabit qalması və ilin 2-ci yarısından dünya bazarında neftin qiymətinin kəskin düşməsi ölkənin neft sektoru üzrə ÜDM istehsalının artım templərinin də kəskin azalmasına – 7.0 faizə düşməsinə - gətirib çıxardı. 2006-2008-ci illər düvründə ölkənin illik ÜDM-ində birbaşa neft sektorunun payı 60 faizdən yüksək olmuşdur.
Neft-qaz hasilatı və ixracı həcmlərinin artması nəticəsində ölkəmiz son illər böyük məbləğlərdə vəsait eldə etməkdədir. Məlum olduğu kimi, ölkəyə daxil olan bu vəsaitlər əsasən 3 yerdə - Dövlət Neft Fondunda, dövlət büdcəsində və Dövlət Neft Şirkətində - toplanır və sonra müxtəlif istiqamətlərdə istifadə olunur.
Neft-qaz sazişləri üzrə əsas gəlirlər (dövlətin payına düşən mənfəət nefti, bonuslar, akrhesabı ödənişlər, tranzit tarifləri üzrə ödənişlər, icarə ödənişləri və s.) ölkə prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 saylı fərmanı ilə yaradılmış Dövlət Neft Fondunda toplanır. 2001-2008-ci illər ərzində Fondun gəlirlərinin ümumi həcmi 20.0 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun 72.0 faizindən çoxu (təqribən 14.5 milyard dolları) Fonda məhz 2008-ci ildə daxil olmuşdur. 2003-2008-ci illərdə Dövlət Neft Fondunun gəlirlərinin 94.2 faizi (18.1 milyard ABŞ dolları) mənfəət neftinin və qazın satışından daxilolmalar hesabına formalaşmışdır.(5) Yeri gəlmişkən qeyd etmək lazımdır ki, neftin dünya bazar qiymətlərinin yüksək olması nəticəsində AÇG sazişi üzrə mənfəət neftinin (saziş üzrə mənfəət nefti 2006-cı ildən əldə olunur) Azərbaycan hökuməti ilə şirkətlər arasında bölüşdürülməsi proporsiyaları daha sürətlə Azərbaycan hökumətinin xeyrinə dəyişib - 2007-ci ilin sonunadək 30:70 kimi olan bölgü proporsiyası 2008-ci ilin əvvəlindən 45:55, ilin ikinci rübündən isə 80:20 nisbətində olub. Bunun nəticəsində 2008-ci ildə Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi və onun satışından daxilolmalar kəskin artmışdır. Belə ki, Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi 2006-cı ildə 19.0 milyon barrel, 2007-ci ildə 30.3 milyon barrel olduğu halda, 2008-ci ildə bu göstərici 150.2 milyon barrel təşkil etmişdir. (6) Mənfəət neftinin və qazın satışından Neft Fonduna 2006-cı ildə 1.0 milyard, 2007-ci ildə 1.95 milyard, 2008-ci ildə isə 14.1 milyard ABŞ dolları məbləğində vəsait daxil olmuşdur.
Lakin 2008-ci ilin ikinci yarıısndan başlayaraq neftin dünya bazar qiymətlərinin düşməsi, 2009-cu ilin birinci yarısında qiymətlərin 40-50 dollar səviyyəsində olması 2009-cu ildə Neft Fonduna daxilolmaların azalmasına gətirib çıxarmışdır. Belə ki, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5.19 milyard manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5.1 milyard manat təşkil etmişdir.(7)
AÇG sazişi üzrə mənfəət neftinin əldə edildiyi 2006-cı ildən başlayaraq ABƏŞ sazişin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə mənfəət vergisi ödəyir. ABƏŞ-in mənfəət vergisi hesabına dövlət büdcəsinə daxilolmaların həcmi 2006-cı ildə 972.0 milyon, 2007-ci ildə 1831.5 milyon, 2008-ci ildə isə 2087.1 milyon manat olmuşdur. (8) 2009-cu ildə isə neft hasilatı həcmlərinin artmasına rəğmən ABƏŞ-in mənfəət vergisi şəklində dövlət büdcənə ödəmələrinin 330 milyon manat məbləğində (büdcənin təsdiqi zamanı proqnozlaşdırılandan təqribən 3.5 dəfə az) olması gözlənilir.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, 2004-2008-ci illər ərzində ARDNŞ-in neft hasilatı həcmlərində ciddi dəyişiklik olmasa da, qaz hasilatı həcmləri artmışdır. Bu dövrdə həm dünya bazarlarında neft və qazın qiymətlərinin artması, həm də daxili bazarda neft və qazın, habelə neft məhsullarının qiymətlərinin artırılması (məlum olduğu kimi, bunlar ölkə daxilində qiymətləri tənzimlənən mallar sırasındadır) nəticəsində Şirkətin gəlirləri çoxalmış, buna uyğun olaraq həm də onun müxtəlif vergilər şəklində dövlət büdcəsinə ödəmələri artmışdır. Şirkətin dövlət büdcəsinə vergi ödənişləri 2004-cü ildə 384.4 milyon, 2005-ci ildə 542.1 milyon, 2006-cı ildə 700.8 milyon, 2007-ci ildə 1.0 milyard, 2008-ci ildə 1.35 milyard manat təşkil etmişdir. (9) Lakin 2008-ci ilin ikinci yarısından başlayaraq dünya neft bazarında baş verən proseslər Dövlət Neft Şirkətinin gəlirlərinə də təsirsiz ötüşməmişdir. Həmin proseslərin mənfi təsirlərinin aradan qaldırılması və Neft Şirkətinin başladığı bir sıra layihələrin dayandırılmasının qarşısının alınması üçün ARDNŞ-in nizamnamə kapitalının artırılmasına 2008-ci ildə dövlət büdcəsindən 600 milyon manat (10), 2009-cu ildə isə 400 milyon manat (11) ayrılmış, habelə 2009-cu ilin iyulunda Azərbaycan Mərkəzi Bankının resursları hesabına Şirkətə 750 milyon manat məbləğində 7 il müddətinə 3 faizlə güzəştli kredit vermişdir.(12)
Yaradılandan 2008-ci ilin sonunadək Dövlət Neft Fondundan ümumilikdə 7.04 milyard manat məbləğində vəsait xərclənmişdir.(13) Neft Fondundan BTC Əsas İxrac Boru kəməri layihəsində ölkənin iştirak payının maliyyələşdirilməsinə 297.9 mln.manat, Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının formalaşdırılmasına 90 mln.manat, AÇG layihəsində ARDNŞ-in iştirak payının tənzimlənməsinə 87.6 mln.manat ayrılıb. Bir sıra layihələr də var ki, bunların maliyyələşdirilməsi artıq neçə illərdir davam edir. Belə ki, qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə Fonddan 2008-ci ilin sonunadək 523.0 mln.manat xərclənib, 2009-cu ildə isə daha 90.0 milyon manat ayrılması nəzərdə tutulmuşdur. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinə 2008-ci ilin sonunadək Fonddan 427.5 mln.manat sərf olunub, 2009-cu ildə daha 120.0 mln.manatın ayrılması gözlənilir. Samur-Abşeron kanalının rekonstruksiya edilməsinə 234.5 mln.manat yönəldilib, 2009-cu ildə daha 130 mln.manatın ayrılır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 26 mln.manat xərclənib, 2009-cu ildə daha 30.0 mln.manat ayrılır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 2008-ci ildə 2.3 mln.manat sərf edilmiş, 2009-cu ildə isə 10.0 mln.manat ayrılması gözlənilir. Bu layihələrin maliyyələşdirilməsi 2010-cu ildə də davam edəcək.
2008-ci ilin sonunadək Dövlət Neft Fondundan istifadə edilən vəsaitin 76.0 faizi, yəni 5 milyard 350 milyon manatı dövlət büdcəsinə transfert edilmişdir. Son illər Fondun gəlirləri artdıqca dövlət büdcəsinə transfertlərin məbləği də sürətlə artıb: 2004-cü ildə transfertin məbləği 130.0 mln., 2005-ci ildə 150.0 mln., 2006 və 2007-ci illərdə 585.0 mln.manat olduğu halda, 2008-ci ildə 3.8 miyard manata çatıb (əvvəlki illə müqayisədə 6 dəfə artım). 2009-cu ildə isə transfert məbləği 4.9 milyard manat olacaq. 2010-cu ildə də Fonddan dövlət büdcəsinə bir o qədər (4.9 miyard manat) vəsaitin transferti nəzərdə tutulur.
Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir. 2010-cu ildə də dövlət büdcəsi gəlirlərinin təxminən yarısının (49.1 faizin) Fonddan köçürüləcəyi proqnozlaşdırılır.
Bu dövrdə Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərlə yanaşı, artıq yuxarıda qeyd etdiyimiz kimi, ABƏŞ-in və Dövlət Neft Şirkətinin də büdcəyə köçürmələrinin artması nəticəsində dövlət büdcəsinin gəlirləri, uyğun olaraq, həm də xərcləri sürətlə artmağa başlamışdır. Əgər 2004-cü ildə dövlət büdcəsinin gəlirləri 1.5 milyard manat olmuşdusa, 2007-ci ildə bu göstərici 6.0 milyard, 2008-ci ildə isə 10.8 milyard manat təşkil etmişdir. Təbii ki, bu gəlirlərin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların (yəni Neft Fondundan transfertlər, ABƏŞ-in mənfəət vergisi və ARDNŞ-in vergi ödəmələrinin) xüsusi çəkisi ildən-ilə yüksəlmişdir: hesablamalarımız göstərir ki, bu göstəricinin səviyyəsi 2004-cü ildə 34.7 faiz, 2005-ci ildə 33.7 faiz, 2006 və 2007-ci illərdə 58.2 faiz, 2008-ci ildə isə 67.3 faiz təşkil etmişdir. 2009 və 2010-cu illərdə də bu göstəricinin 65-70 faiz səviyyəsində olması gözlənilir.
2003-cü ildən başlayaraq Azərbaycanda dövlət büdcəsi xərclərinin illik artım templəri ÜDM-in artım templərini qabaqlamaqdadır. 2005-2008-ci illər dövründə isə bu fərq daha da böyümüşdür. Belə ki, 2004-cü ildə ÜDM-in artlm tempi 10.2 faiz, büdcə xərclərinin artım tempi isə 21.7 faiz, 2005-ci ildə, uyğun olaraq, 26.4 və 42.5 faiz, 2006-cı ildə 34.5 və 77.0 faiz, 2007-ci ildə 25.0 və 60.6 faiz və, nəhayət, 2008-ci ildə 10.8 və 75.5 faiz olmuşdur.
2009-cu ilin sosial-iqtisadi inkişaf proqnozları və dövlət büdcəsinin layihəsi hazırlanarkən neftin (1 barrelinin) qiyməti 80 dollar götürülmüşdür. Buna əsasən, 2009-cu ildə ölkədə istehsal olunan ÜDM-in həcminin 43.6 milyard manat, dövlət büdcəsinin gəlirlərinin isə 12.2 milyard manat olması proqnozlaşdırılmışdı.(14) Lakin il ərzində dünya bazarlarında neftin qiymətinin aşağı (orta illik qiymətin təqribən 50-55 dollar) olması 2009-cu ildə nəinlki həmin proqnozların reallaşmasını mümkünsüz edir, hətta bu göstəricilər üzrə heç 2008-ci ilin səviyyəsinə nail olunması belə gözlənilmir. Belə ki, 2010-cu ilin dövlət büdcəsi zərfində olan sosial-iqtisadi inkişaf proqnozlarında 2009-cu ildə ÜDM-in 30.7 milyard manat olacağı göstərilir (15) ki, bu da ilkin proqnozdan 30 faiz az deməkdir. 2008-ci ildə ÜDM-in 38.0 milyard manat olduğunu nəzərə alsaq, onda ötən illə müqayisədə də 2009-cu ildə ÜDM-in nominal həcminin təxminən 20 faiz azalacağını söyləmək olar. 2009-cu ildə dövlət büdcəsi gəlirlərinin də proqnozlaşdırılandan 20 faiz ixtisarla icrası gözlənilir, başqa sözlə, büdcə gəlirləri 9.7 milyard manat ola bilər. Bu, 2008-ci ildə olduğundan təxminən 1.1 milyard manat, yaxud 10 faiz azdır. Buna uyğun olaraq, büdcə xərclərinin də 20 faiz ixtisarla icrası gözlənilir.
Nəzərə almaq lazımdır ki, bu göstəricilər üzrə belə azalmalar 2009-cu ildə 2008-ci illə müqayisədə neft və qaz hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə artması fonunda baş verir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının (gəlirlər üzrə) dünya neft bazarının konyunkturasından asılılıq səviyyəsinin ifadəsidir.
2009-cu ili müəyyən mənada indiki Azərbaycanın postneft dövrünün inkişaf cizgilərini əks etdirən xəbərdarlıq ili kimi qiymətləndirmək olar. Əgər yaxın vaxtlarda ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində real addımlar atılmazsa, onda bizi necə bir perspektivin gözlədiyini düşünmək elə də çətin deyil.
Bunu diqqətdə saxlamaq vacibdir ki, postneft dövrü heç də yalnız neft-qaz ehtiyatlarının tükənməsi ilə başlamır, bunun üçün dünya bazarlarında neftin qiymətinin 50 dollardan aşağı səviyyəyə düşməsi və uzun müddət belə qalması da kifayət edə bilər...
(1) Neft və qaz hasilatı həcmləri ilə bağlı bütün məlumatların mənbəyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında Hesabat. Bakı, 2009, səh. 92-95
(3) Azərbaycanın statistik göstəriciləri – 2009. Dövlət Statistika Komitəsi, 2009. səh.585, 598, 608
(4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında Hesabat. Bakı, 2009
(5) ARDNF-in gəlir və xərcləri barəsində məlumatların mənbəyi: -71
(6) Hökumət çatan mənfəət neftinin həcmləri barədə məlumatlar müvafiq illər üzrə “Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat”lardan götürülmüşdür