ABŞ Konqresinin Senatı dövlət borcunun yuxarı həddini 290 milyard artıraraq 12,4 trilyona çatdırılması barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, federal borclanma limitinin artırılmasının lehinə 60, əleyhinə 39 senator səs verib.
Ötən həftə Konqresin Nümayəndələr Palatası dövlət borclanmasının yuxarı həddinin artırılmasını dəstəkləyib.
Konqresin qərarı ABŞ-ın Maliyyə Nazirliyinə hökumətin maliyyə fəaliyyətini təmin etmək və 2010-cu ilin fevral ayının ortalarına qədər dövlət proqramının reallaşdırılması üçün yeni borc öhdəliklərini götürməyə imkan verəcək. Yanvar ayında konqresmenlər dövlət borclanmasının yeni uzunmüddətli limitini müzakirə etmək üçün yenidən yığışacaqlar.
Son iki ildə ABŞ dövlət borcunun limitini 3 dəfə artırmağa məcbur olub. Bu müddətdə limit $9,82 trilyondan $12,104 trilyona qaldırılıb. Prezident Barak Obama yeni qanunu imzaladıqdan sonra borcun limiti 12,394 trilyon təşkil edəcək.
2009-cu ilin dekabrın 21-i vəziyyətinə dövlət borcunun həcmi $12,044 trilyona bərabər olub.