Yaponiya hökuməti ölkə tarixində rekord həddə dövlət büdcəsini təsdiq edib. “İqtisadi forum” jurnalının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 2010-cu maliyyə ili üzrə büdcə gəlirləri 92,3 trilyon iyena ($1 trilyondan çox) planlaşdırılıb.
Hökumətin başçısı Yukio Hatoyama dövlət büdcəsini rekord həddə olmasını seçkidən əvvəl seçicilərə verdiyi vədi yerinə yetirmək niyyəti ilə əlaqələndirib. “Yeni büdcə ilə mənim rəhbərlik etdiyim Demokrat Partiyasının qələbəsini təmin edən seçkidə verdiyimiz vədə əməl edəcəyik. Çünki bu vədlərin əksəriyyətini yerinə yetirmək mümkündür” – deyə baş nazir bildirib. Onun sözlərinə görə, 44,3 trilyon iyena ($500 milyard) məbləğində dövlət qiymətli kağızlarını buraxmağa ehtiyac olacaq, ancaq öhdəlikləri əməl edəcəklər.
Yeni büdcənin fərqli cəhəti sosial ehtiyatlara ayırmaların 10% artırılaraq 27,27 trilyon iyenaya ($300 milyard) çatdırılmasıdır. Eyni zamanda yapon siyasətində dövlət vəsaitlərinin bölüşdürülməsinin əsas forması hesab edilən ictimai işlərin maliyyələşdirilməsi ən aşağı səviyyəyə - 1,3 trilyon iyenaya ($14,3 milyard) qədər azaldılıb. Büdcənin xərc hissəsinin ilkin həcmi 88,55 trilyon iyena ($973 milyard) təşkil etsə də, qlobal böhrana görə xəzinəyə vergi daxilolmalarının gözlənilən azalması səbəbindən artırılıb.
Yaponiyanın Maliyyə Nazirliyinin məlumatına görə, 2008-ci maliyyə ilinin sonuna hökumətin öhdəliklərinin həcmi 846,5 trilyon iyena (təxminən $8,5 trilyon) təşkil edib. Bu isə dünyanın sənaye baxımından inkişaf etmiş ölkələri arasında ən yüksək göstəricidir. |