2009-cu ilin on bir ayında ölkə xaricinə ixrac olunan məhsullarda dövlətin payı 93,5% təşkil edib. “İqtisadi forum” jurnalının AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.
Komitənin məlumatına görə, cari ilin on bir ayında xarici ticarətlə 8 min 753 hüquqi və fiziki şəxs məşğul olub. Bunlardan 3 min 938-i hüquqi, 4 min 815-i isə fiziki şəxslərdir.
İxrac əməliyyatlarının 12 milyard 309 milyon 928,8 min dolları dövlət sektoru, 715 milyon 156,6 min dolları özəl sektor, 140 milyon 462,4 min dolları isə fiziki şəxslər tərəfindən həyata keçirilib. Cəmi ixracda bu sektorların payı uyğun olaraq 93,5%, 5,4% və 1,07% təşkil edib.
İdxal əməliyyatlarında isə özəl sektorun payı yüksək olub. Ölkəyə gətirilən malların 3 milyard 406 milyon 20,3 min dolları və ya 62,51%-i özəl sektorun payına düşüb. Dövlət sektorunun payı 32,63%, fiziki şəxslərin payı isə 4,86% təşkil edib. Dövlətin xətti ilə 1 milyard 777 milyon 824,8 min, fiziki şəxs tərəfindən 264 milyon 830,2 min dollar həcmində mal gətirilib.