“İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) tezliklə resesiyanın bitəcəyini gözləyir, amma hesab edir ki, tənəzzüldən sonra bərpa dövrü xeyli zəif gedəcək. Bu barədə FES-in 23-24 iyun tarixində keçirilmiş yığıncağının protokolunda qeyd olunur. Ancaq yığıncaqda həlledici faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb.
FES 2009-ci ilin sonuna və 2010-cu ilə olan iqtisadi vəziyyətə dair bir qədər optimist proqnozlar verib. Qurum hesab edir ki, cari ildə ABŞ-da ÜDM-nin azalma tempi 1,5%-dən 1%-ə düşəcək, 2010-cu ildə isə hətta 2,1%-3,3% artım tempi müşahidə ediləcək.
Buna baxmayaraq, işsizliyin səviyyəsi uzun müddət yüksək səviyyədə qalacaq. Bəzi ekspertlər hesab edir ki, 2010-cu ildə işsizliyin səviyyəsi 10%-ə çatacaq və iş yerlərini itirənlər bir neçə il işsizlikdən əziyyət çəkəcəklər.
FES 2009-cu il üzrə işsizliyin səviyyəsi ilə bağlı proqnozunu 9,8%-dən 10,1%-ə qədər artırıb. Qurum həmçinin 2009-2011-ci illər ərzində infliyasiya üzrə proqnozları da artırıb.
Ekspertlər qeyd edir ki, xəzinə istiqrazlarının alınmasının ABŞ iqtisadiyyatına təsiri hələki qeyri-müəyyən olaraq qalir.
Sabitləşmənin əlamətlərinə baxmayaraq, FES hesab edir ki, maliyyə vəzyyəti kövrək olaraq qalmaqdadır, banklar isə kredit sektorunda ciddi itkilərlə üzləşə bilərlər. FES-in iqtisadçıları ABŞ iqtisadiyyatında yeni silkələnmə ehtimalını da istisna etmirlər.