Noyabrda əhali tərəfindən ölkə banklarına yatırılan əmanətlər əvvəlki ayla müqayisədə 5,9% artaraq 2251,7 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankına istinadən məlumata görə, oktyabrda əmanətlərin ümumi həcmi 2125,7 milyon manat olub.
Noyabrda əhali banklara 126 milyon manat həcmində əmanət yatırıb.
Dekabrın 1-i tarixinə ölkə üzrə əmanətlərin ümumi həcmi 2251,7 milyon manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5% çoxdur. 2009-cu ilin 11 ayında əmanətlərin həcmi 346,5 milyon manat və ya 18,2% artıb.
Əmanətlərin 913,7 milyonu manatla, 1338 milyonu isə xarici valyutada yatırılıb. Əmanətlərin strukturunda müddətli əmanətlərin payının artması müşahidə edilib. Manat üzrə yatırımların 354,8 milyon manatını tələb olunanadək, 558,9 milyon manatını isə müddətli əmanətlər təşkil edib. Xarici valyuta əmanətlərində isə bu göstərici uyğun olaraq 159,3 və 1178,7 milyon manatdır. Noyabrda manat üzrə əmanətlərin 61,2%-i, xarici valyuta üzrə əmanətlərin isə 88,1%-i müddətli olub. Halbuki bir ay əvvəl bu nisbət 65,6% və 88,7% idi.
Oktyabr ayı ilə müqayisədə noyabrda əhali milli valyuta ilə əmanət qoyuluşu 88,7 milyon manat artıb. Bununla da manatın ümumi əmanətlərdə xüsusi çəkisi oktyabr ayındakı 38,8%-dən noyabrda 40,6%-ə qalxıb. Sentyabrda bu göstərici 38% təşkil edib.