Bankların kredit aktivliyinin stimullaşdırılması üzrə yeni tədbirlərin həyata keçirilməsi Qazaxıstan hökumətinin 2010-cu ildə əsas vəzifələrindən biri olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə baş nazir Kərim Məsimov bildirib.
Onun sözlərinə görə, 2010-cu il yanvarın 1-i tarixinə Qazaxıstanın bank sistemində sərbəst qalıq vəsaitləri 11 milyard dollardan çoxdur. “Bu vəsaitlər iqtisadiyyat üçün tələb olunan investisiyalardır” – deyə baş nazir bildirib.
Məsimov qeyd edib ki, bankirlərlə söhbətində belə qənaətə gəlib ki, onlar kənd təsərrüfatını kreditləşdirməyə hazırdır. “Bankların maliyyələşdirdiyi pulun dəyəri kifayət qədər yüksəkdir. Fikrimcə, burada dövlətin rolu kənd təsərrüfatı malları istehsalçıları üçün faizlərin subsidiyalaşdırılması mexanizlərinə baxmaqdır.” – baş nazir əlavə edib.
“Biz ötən il yığım pensiya fondları üzrə belə sxemi tətbiq etmişik və o uğurlu işləyir. Bankların və pensiya fondlarının daxili resurslarını iqtisadiyyatın kreditləşməsinə cəlb etmək lazımdır” – Məsimov vurğulayıb.