Əsas kapitala yönəldilən investisiya 7,4 milyard manat olub
Bunların 36,4%-ni büdcə vəsaitləri təşkil edib
2009-cu ildə bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat investisiya yönəldilib və onun 69,9%-i və ya 5,1 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Əsas kapitala yönəldilmiş vəsaitin 79,9%-ini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin 47,9%-ni müəssisə və təşkilatların vəsaitləri, 36,4%-ni büdcə vəsaitləri, 4,1%-ni əhalinin xüsusi vəsaiti və 11,6%-ni digər vəsaitlər təşkil edib.
Ötən il bir sıra obyektlər, o cümlədən “Azadlıq prospekti” metro stansiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Azərbaycan Tennis Akademiyası və s. istifadəyə verilib. Bundan başqa ölkənin müxtəlif bölgələrində 134,5 min nömrəlik avtomat telefon stansiyaları, ümumi sahəsi 1363,3 min kvadrat metr olan yeni yaşayış evləri, 20622 şagird yerlik ümumtəhsil məktəbləri, 605 çarpayılıq xəstəxana, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub açılıb.