Çirkli pulların “yuyulduğu” ölkələrin siyahisi hazırlanır
NK ölkəyə gətirilən və çıxarılan valyutaya dair məlumatların tərtib olunma formasını təsdiqləyib
Dövlət Gömrük Komitəsi bəzi ölkələrə aparılan və gətirilən valyuta sərvətlərinə dair məlumatları Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Bu barədə “Iqtisadi forum” jurnalına Mərkəzi Bankdan bildirilib.
Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 saylı qərarı ilə «Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması» təsdiq edilib. Həmin forma əsasında xarici dövlətlərə aparılan və gətirilən valyuta sərvətlərinə dair məlumatlar Dövlət Gömrük Komitəsi tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək.
Bu qayda heç də bütün dövlətlərə şamil edilməyəcək. Bu siyahıya yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, habelə maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanmasını tələb etməyən dövlətlər daxil ediləcək. Belə dövlətlərin siyahısı Maliyyə Monitorinqi Xidməti tərəfindən fəaliyyətinin növbəti mərhələsində müəyyənləşdiriləcək və əsas kimi Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) tərtib etdiyi pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq etmək istəməyən ölkələrin siyahısı götürüləcək.
Məlumat üçün bildirək ki, hazırda FATF–ın müvafiq siyahısında heç bir dövlət mövcud deyil. Siyahının tərtib olunması zamanı ölkənin müvafiq qurumları və ictimaiyyət əlavə olaraq məlumatlandırılacaq.