Son aylar Azərbaycanın milli valyutası olan manat dünyanın əsas valyutalarına nisbətdə ucuzlaşır. Bu barədə “Iqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına istinadən məlumat verib.
Jurnalın hesablamalarına görə, 2009-cu ilin yanvar ayı ilə müqayisədə avqust ayında manat ABŞ dollarına nisbətən 0,4%, avroya nisbətdə 1,3%, Britaniya funt sterluinqinə nisbətdə isə 14,4% ucuzlaşıb. İlin əvvəlində manatın dollara olan məzənnəsi 0,8015 olduğu halda hazırda bu rəqəm 0,8043-ə qalxıb. Bu müddətdə avronun məzənnəsi 1,1123-dən 1,1376 manata, funt sterlinq isə 0,8015-dən 0,8043 manata yüksəlib.
Digər valyuta olan rus rubluna nisbətən manat cari ildə 8% bahalaşıb. Rubl bu müddətdə 0,0275 manatdan 0,0253 manatadək ucuzlaşıb.
Xatırladaq ki, dollara nisbətən manatın ucuzlaşmasının ən yüksək həddi cari ilin fevral ayının əvvəlində olub. Rusiya, Qazaxistan, Qirğizistan və s. kimi ölkələrdə baş verən devalvasiya dalğası nəticəsində ölkə ərazisində dollara təlabat kəskin artmış və o 0,8% bahalaşaraq 0,8080 manat təşkil etmişdi. Bu dövrdə bir sıra ekspertlər manatın devalvasiyasının zəruriliyini və labüdlüyünü bildirsələr də hökumət buna getməmişdi. Nəticədə manatın məzənnənin saxlanılması üçün ölkənin valyuta ehtiyatından milyonlarla vəsait xərclənmişdi. Ancaq sonrakı aylarda manatın möhkəmlənməsi müşahidə edilmişdi.
Aparılan müşahidələr göstərir ki, son vaxtlar Mərkəzi Bank milli valyutanın məzənnəsini tədricən aşağı salma siyasətini yeridir.