Bələdiyyə qanunvericiliyinə bir sıra dəyişikliklər ediləcək
“İqtisadi forum” jurnalının Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 26-da Parlamentin Regional məsələlər komitəsi 2010-cu ildə ilk iclasını keçirib. Komitə sədri Arif Rəhimzadə 2009-cu ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə məlumat verərək bildirib ki, sessiya müddətində bir sıra rayonların inzibati ərazi bölgüsündə və bəzi bələdiyyələrin tərkibində dəyişikliklər olunub.
Onun sözlərinə görə, hesabat dövründə komitədə müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib, komitə üzvləri bələdiyyələrlə bağlı 252 tədbirdə iştirak ediblər. Bu müddət ərzində komitəyə 93 məktub, ərizə və şikayət daxil olub və bunlarla bağlı müvafiq təşkilatlara 50 məktub göndərilib.
Arif Rəhimzadə bildirib ki, 2010-cu ilin yaz sessiyasında da bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək, “Bələdiyyələrin hesabatları haqqında”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə baxılacaq, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyə əsasları haqqında” qanunlara əlavələr və dəyişikliklər olunacaqdır.