Dövlət satınalmalarından yazan jurnalitlər mükafatlandırıldı
“İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) bu gün “Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq” mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin nəticələrini açıqlayıb. 2009-cu ilin oktyabrında elan edilən bu müsabiqə ABŞ-ın Rewenue Watch Institute təşkilatının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Dövlət Satınalmalar Sisteminin İnkişafına Yardım” layihəsinin çərçivəsində reallaşıb.
Tədbiri giriş sözü ilə açan İTY İB-nin sədri Azər Mehtiyev layihə haqqında qısa məlumat verərək bildirdi ki, bu ilin sentyabrınadək davam edəcək layihənin əsas məqsədi ölkədə dövlət satınalmalarına ictimai nəzarətin gücləndirilməsi, bu sahədəki boşluqların müəyyənləşdirilməsi və onların həlli yollarının tapılmasıdır. A.Mehtiyevin sözlərinə görə, layihə çərçivəsində görülən işlərə dövlət satınalmaları sahəsində araşdırmaların aparılması, araşdırmalar əsasında dövlət satınalınmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təklif və tövsiyələrin hazırlanması, habelə dövlər satınalınmalarına vətəndaş cəmiyyətinin ictimai nəzarətinin təşkili mexanizmlərinin işlənilməsi, habelə vəkillik işinin təşkili daxildir. Bu sahədə jurnalist araşdırmalarının təşkili də layihənin fəaliyyətləri sırasında mühüm yer tutur. A.Mehtiyev jurnalistlərə belə çətin bir müsabiqədə iştiraklarına görə təşəkkür etdi.
Sonra İTY İB-nin sədr müavini Rövşən Ağayev müsabiqənin keçirilməsi və nəticələri barədə geniş məlumat verdi. O bildirdi ki, müsabiqənin məqsədi Azərbaycanda dövlət satınalmaları sahəsində mövcud problemləri aşkarlamaq, bu sahədəki problemlərin həllinə kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyətinin və ictimaiyyətin diqqətini artırılmaq idi. Ötən ilin oktyabrında elan edilən bu müsabiqədə iştirakçılıq səviyyəsi aşağı olduğundan, yazıların təqim edilməsi müddəti dekabrın sonunadək uzadıldı. Bu müddətdə müsabiqəyə cəmi 7 yazı təqdim olunub. Yazıların qiymətləndirilməsi üçün 2 jurnalist (Şahvələd Çobanoğlu və Qurban Yaquboğlu) və 1 hüquqşünas (Abil Bayramov) olmaqla müsabiqə komissiyası yaradılıb. Komissiya layihə ekspertləri ilə birgə müzakirələr apararaq yazıların qiymətləndirilməsi üçün 10 meyar müəyyən edib. Hər meyar üzrə 10 ballıq şkala ilə qiymətləndirmə aparılıb.
Qiymətləndirmənin nəticələrindən danışan R.Ağayev qeyd etdi ki, Müsabiqə Komissiyasının yekun qərarı belə olub ki, təqdim edilən yazıların əksəriyyəti jurnalist araşdırmaları janrının tələblərinə uyğun olmayıb. Buna görə də müsabiqənin tələblərinə uyğun birinci və ikinci mükafatı vermək mümkün olmayıb. Komissiya “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızının “Onun arabası var...” yazısını üçüncü mükafata (500 AZN) layiq bilib. Bununla yanaşı, Komissiya belə qərara gəlib ki, müsabiqəyə təqdim edilən qalan bütün yazıların hər birinə görə 100 manat məbləğində həvəsləndirmə mükafatı verilsin.
R.Ağayev daha sonra bildirdi ki, layihə çərçivəsində yurnalistlərlə iş davam edəcək. Növbəti mərhələdə bu iş artıq müsabiqələrin təşkili formasında olmayacaq, konkret istiqamətlərdə jurnalist araşdırmaları təşkil ediləcək. Yaradılmış Müsabiqə Komissiyası ilə birgə jurnalistlər üçün dövlət satınalmaları sahəsində araşdırma yazılarının hazırlanması ilə bağlı seminarlar təşkil olunacaq, jurnalistlərə araşdırmaların aparılmasında hüquqi və peşəkar yardımlar göstəriləcək.
Müsabiqə Komissiyasının üzvləri Q.Yaquboğlu və A.Bayramov yazıların qiymətləndirilməsi və nəticələr barəsində fikirlərini jurnalistlərlə bölüşdülər.
Müsabiqəyə təqdim edilən yazılarla burada tanış ola bilərsiniz.