2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49%-i kişi, 51%-i isə qadındır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.
Komitənin məlumatına görə, son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9% artıb. Bütövlükdə doğulan körpələrin 82,3%-i gənc ailələrin payına düşüb. 2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1%-ni gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 12% artıb.
Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq 6,9%-ə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6%-dir.