Ölkə banklarına yatırılan 675 milyon manatlıq əmanət qorunmur
Fiziki şəxslərin üzv banklarda olan əmanətlərinin yalnız 69%-i sığortalanıb. "İqtisadi forum" jurnalının Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi məlumata görə, yanvarın 1-i tarixinə qorunan əmanətlərin həcmi 1 milyard 495 milyon AZN təşkil edib.
Fondun məlumatına görə, üzv banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 170 milyon manata bərabərdir. Bu vəsaitlərin 31%-i və 674 milyon 885 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir
Qorunan əmanətçilərin sayı 5 milyon 77 min 670 nəfərdir.
Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ötən ilin IV rübündə 711 min manat, 1 milyon 224 min ABŞ dolları, 158 min Avro məbləğində təqvim haqları toplayıb. İştirakçı bankların Fondun reyesterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 18 milyon 165 min 322 manat təşkil edir.
Xatırladaq ki, 01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Məlumat üçün bildirək ki, iştirakçı bankların sayı 42-dir. Ölkədə hazırda 46 bank fəaliyyət göstərir.