Belə kreditlərin cəmi kreditlərdə payı 3,4%-ə yüksəlib
2009-cu ildə vaxtı keçmiş kreditlərin həcmi 127 milyon manat artaraq 303,5 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka isinadən verdiyi məlumata görə, 2008-ci ildə bu tip kreditlərin həcmi 159,8 milyon manat təşkil edib.
Ötən il ölkə iqtisadiyyatına yatırılan cəmi kredit qoyuluşlarının 3,6%-ni vaxtı keçmiş kreditlər təşkil edib. 2008-ci ildə isə belə kreditlərin payı 2,2% olub.
Dekabr ayında vaxtı keçmiş kreditlərin həcmi noyabrla müqayisədə 11,2% və ya 30,6 milyon manat artıb və 272,9-dan 303,5 milyon manata yüksəlib.
Vaxtı keçmiş kreditlərin 195,1 milyonu manatın, 108,4 milyonu isə xarici valyutaların payına düşür. Vaxtında ödənilməyən kreditlərin ümumi həcmində manatın payı artıb. Əgər 2008-ci ildə milli valyutanın payı 58%-ə bərabər idisə ötən il bu göstərici 64%-a yüksəlib.