2009-cu il iyul ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 3416,4 milyon manat təşkil edib. Bunun 1934,3 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.
Ölkə banklarında yerləşdirilən depozit və əmanətlərdə əhalinin əmanətlərinin payı 57%-dir. Depozitlərin 1482,1 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.
Son ayların müşahidələri göstərir ki, əmanətlərin həcminin artımı fonunda əhali milli valyuta olan manata inamı nisbətən azalıb. Əgər ilin əvvəlində bütün əmanətlərdə manatın payı 50,9% (933,4 milyon AZN) idisə, iyulun 1-nə bu göstərici 36%-ə (696.6 milyon AZN) düşüb. Bu azalma əsasən fevral ayının əvvəlində ölkəyə gələn “devalvasiya xəbərləri“nin təsiri nəticəsində baş verib. Martın 1-nə manatın çəkisi 5% azalaraq 45%-ə düşmüş, bu azalma sonrakı aylarda da davam edərək 36% civarında təşkil edib.
Halbuki 2005-ci ildə əhali tərəfindən yerləşdirilən əmanətlərdə 11,3%-lik paya malik olan manatın növbəti illərdə artaraq 2006-cı ildə 30,6%-ə, 2007-ci ildə 46,1%-ə və 2008-ci ildə isə 54,4%-ə çatıb.
Əmanətlərin strukturunda diqqəti çəkən digər məqam əmanətlərin müddəti ilə bağlıdır. Təhlillər göstərir ki, son dövrlər əhali manatı müddətsiz yerləşdirməyə üstünlük verir. Bu isə o deməkdir ki, milli valyutanın ucuzlaşacağından qorxan əmanətçi manatı konkret tarixdə yox, istədiyi vaxt bankdan götürmək istəyir. Məsələn, ilin əvvəlinə manat üzrə yatırılan pulların ümumi həcmində müddətsiz əmanətlər 27,8%-ə barabər idisə, artıq iyulun 1-nə bu rəqəm 36,2%-a qədər artıb. Bu artım xüsusilə fevral ayından sonra müşahidə edilib. Martın 1-nə müddətsiz əmanətlər 32,5%, aprelin 1-nə 29,8%, mayın 1-nə 36,3%, iyunun 1-nə isə 36,4% olub.