2009-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,6 dəfə azalaraq 20,8 milyard ABŞ dolları təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ildə bu göstərici 54,9 milyard dollar olub.
Komitənin məlumatına görə, ötən il respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi $20,8 milyard olub. Bu müddətdə $14,7 milyardlıq 2071 adda əmtəə ixrac, $6,1 milyardlıq 5893 adda əmtəə idxal olunub. İxrac-idxal əməliyyatları üzrə müsbət saldo $8,6 milyard təşkil edib.
2008-ci ildə ixrac-idxal əməliyyatları üzrə müsbət saldo $40,6 milyard olub.
Respublikaya $28,4 milyon dəyərində 1824,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə humanitar yardım kimi daxil olub.
2009-cu ildə ixracın həcmi 3,3 dəfə azalıb. Belə ki 2008-ci illə müqayisədə ötən il ixrac əməliyyatlarının həcmi 69% və ya $33,1 milyard, idxal isə 14,7% və ya $1,1 milyard azalıb.
2009-cu ildə ümumilikdə 138 ölkə ilə ticarət əməliyyatları aparılıb. 2008-ci ildə isə belə ölkələrin sayı 141 olub.