Ötən il ölkədən kənara 13,5 milyard ABŞ dolları həcmində neft və neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracın 91,7%-ni təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ildə bu göstərici 13,5 milyard dollar və ya ümumi ixracın 96,8%-ə bərabər olub.
Komitənin məlumatına görə, ümumi ixracdan xam neftin payı 81,57%, neft məhsullarının payı isə 10,1% təşkil edib.
Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 34,57 milyon ton neft nəql edilib. Bundan başqa Şimal boru kəməri ilə 2,48 milyon, Supsa boru kəməri ilə 4,24 milyon ton neft ixrac olunub.
Xam neftin ixracı bütünlükdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilib. Neft məhsullarının isə 66,53%-i ARDNŞ, 25,1%-i "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi, 3,96%-i "Azneftyağ" İstehsalat Birliyi, 1,65%-i "İlqar LTD" şirkəti tərəfində ölkədən kənara çıxarılıb.
2009-cu ildə ümumi ixracda meyvə-tərəvəz məhsullarının payı 1,31%, bitki və heyvan mənşəli yağların payı 0,88%, qara metallar və onlardan hazırlanan məmulatların payı 0,7%, kimya sənayesi məhsullarının payı 0,23%, pambığın payı 0,12%, alüminium və ondan hazırlanan məmulatların payı 0,08%, alkoqollu və alkoqolsuz içkilərin payı 0,08%, tütün və tütün məmulatlarının payı 0,04% təşkil edib. Qalan əmtəələrin payına 4,91% düşüb.
İdxalda üstünlük maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələrinin payı 34,79% təşkil edib. Nəqliyyat vasitələri və onların hissələri 12,76% , ərzaq məhsulları 11,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 9,09%, əczaçılıq məhsulları 2,32%, oduncaq və ondan hazırlanan məmulatlar - 1,41%, xalq istehlakı malları 0,76%, mebel 0,70% paya malik olub. Qalan əmtəələrin payına 26,57% düşür.