Qlobal böhranın Azərbaycan iqtisadiyyatına vurduğu mənfi təsirlərdən biri banklarda yatırılan əmanətlərin həcminin azalması ilə bağlıdır. “İqtisadi forum” jurnalının Mərkəzi Bankına istinadən məlumata görə, ötən il əhali əmanətlərinin həcmində 27% azalma müşahidə edilib.
Bankın hesabatına görə, 2009-cu ildə əhali tərəfindən ölkə banklarına yatırılan əmanətlərin həcmi 868,5 milyon manat azalıb və 2,3 milyard manata düşüb. Halbuki 2008-ci ildə əmanətlərin həcmi 3,2 milyard manat təşkil edib.
Əmanətlərin həcminin ən yüksək həddi ötən ilin yanvarında olub. Həmin dövrdə əmanətlər 5,3 milyard manata kimi yüksəlmişdi. Ancaq qlobal iqtisadi böhranla əlaqədar ilin əvvəlində bir sıra ölkələrin devalvasiyaya getməsi manatın ucuzlaşma məsələsini gündəmə gətirdi. Məhz bu dövrdə əhali əmanətlərini banklardan götürməyə başladı. Nəticədə əmanətlərin həcmi fevralda 4,2 milyard manata, martda isə 3,5 milyard manata qədər azaldı. Sonrakı aylardan, xüsusilə də iyuldan başlayaraq yenidən artım müşahidə olunmağa başladı.
Əmanətlərin ümumi həcmində azalma baş versə də vəsaitlərin valyuta strukturunda manatın payı artıb. Ötən il bütün əmanətlərin 965,6 milyon manatı və ya 41,4%-i milli valyutanın payına düşüb. Xarici valyuta ilə 1,4 milyard manat və ya ümumi əmanətlərin 58,6%-i həcmində vəsait yatırılıb. 2008-ci ildə isə manatın payı 32,4% təşkil edib.
Manat əmanətlərində tələb olunanadək kateqoriyasına aid olan vəsaitlərin həcmində artım müşahidə edilib. Belə ki, milli valyuta üzrə yatırımların 353,5 milyon manatını tələb olunanadək, 612,1 milyon manatını isə müddətli əmanətlər təşkil edib. Manatda yerləşdirilmiş bu növ əmanətlərin xüsusi çəkisi uyğun olaraq 36,6% və 73,4% olub. 2008-ci ildə tələb olunanadək əmanətlərin payı 31,5% təşkil edib.