Yanvar ayı üzrə inflyasiya səviyyəsi: rəsmi 0,5%, qeyri-rəsmi 1,06%
Ötən ay ərzaq 1,9% bahalaşıb
Hökumətin yanvar ayı üzrə inflyasiya səviyyəsini 0,5% elan etməsinə baxmayaraq, müstəqil hesablamalar bu həddin 2 dəfə çox olmasını göstərir. “İqtisadi forum” jurnalının İqtisadi Tədqiqatlar Mərkəzinə istinadən verdiyi məlumata görə, 2010-cu ilin yanvar ayında Azərbaycanda 1,06 faizlik inflyasiya qeydə alınıb.
İqtisadi Tədqiqatlar Mərkəzin məlumatına görə, ötən ilin dekabr ayına nisbətən bu ilin yanvarında ölkədə istehlak qiymətləri indeksi 1,06% artıb. Bu artım ötən ilin yanvarı ilə müqayisədə 3,25% təşkil edib.
İstehlak malları arasında ən çox artım ərzaq məhsullarında müşahidə edilib. Yanvarda ərzaq məhsulları 1,9% bahalaşıb. Ərzağın qiyməti ötən ilin dekabr ayına nisbətən isə 3,34% artıb.
Qeyri-ərzaq malları ötən ay 0,1% bahalaşsa da, 2009-cu ilin yanvarı ilə müqayisədə 2,34% ucuzlaşıb.
Yanvar ayında ən az bahalaşma (0,02%) müşahidə edilən xidmətlərin qiyməti 2009-cu ilin yanvarı ilə müqayisədə 10,14% artıb.
İTM-in məlumatına görə, yanvar ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma meyvə-tərəvəz (6,25 faiz), şəkər, çay və ədviyyatda (3,86 faiz), ən çox ucuzlaşma isə qeyri-ərzaq məhsullarından tikinti materiallarında (0,65 faiz) qeydə alınıb.
Qeyd edək ki, rəsmi statistika orqanı 2010-cu ilin yanvar ayında ölkədə 0,5 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,8 faiz inflyasiyanın baş verdiyini elan edib. Cari ilin sonuna hökumət 3 faizədək inflyasiya proqnozlaşdırır.