Uçot dərəcəsi: Rusiya azaltdı, ABŞ artırdı, Yaponiya sabit saxladı
Rusiyanın Mərkəzi Bankı fevralın 24-dən etibarən uçot dərəcələrinin 0,25% azaldılaraq 8,5%-ə endirilməsi barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının Banka istinadən verdiyi məlumata görə, mart ayında uçot dərəcəsinin yenidən azaldılması istisna edilmir.
Bu hədd ölkə tarixində ən aşağı səviyyədir. Mərkəzi Bank hesab edir ki, dərəcənin azaldılması bankları iqtisadiyyatı kreditləşdirməyə stimullaşdırır. Xüsusilə inflyasiya səviyyəsinin aşağı olması bu tip qərarların təcili həyata keçirilməsini şərtləndirir
Uçot dərəcəsi 2010-cu ildə ilk dəfədir ki, azaldılır. Ötən il mərkəzi bank dərcəni 10 dəfə azalmaq məcburiyyətində qalıb. Apreldən başlayaraq hər ay dərəcələr aşağı salınıb. İl ərzində göstərici 13%-dən 8,75%-ə endirilib.
Rusiya prezidenti Dmitriy Medvedyev fevralın əvvəlində çıxışı zamanı uçot dərəcəsinin azaldılmasının zəruriliyini bildirmişdi. Mərkəzi bank prezidentin təklifinə dərhal reaksiya verərək dərəcələri azaltdı.
Reuters agentliyinin məlumatına görə, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) fevralın 19-da 2007-ci ildən sonra ilk dəfə olaraq bankların “diskont pəncərə” vasitəsilə borclanması üzrə uçot dərəcələrini 0,25% artıraraq 0,75%-ə yüksəldib.
FES-in açıqlamasında qeyd edilir ki, dərəcələrin qaldırılmasına pul-kredit siyasətinin möhkəmləndirilməsi kimi baxılmamalıdır. Bank addımını Amerika iqtisadiyyatının maliyyə sferasında vəziyyətin yaxşılaşması ilə izah edib.
Qeyd edək ki, ABŞ-da baza uçot dərəcəsi hələki 0-0,25% səviyyəsindədir.
Fevralın 18-də Yaponiyanın mərkəzi bankı uçot dərəcəsini sabit – 0,1% səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Bankın rəhbəri Masaaki Şirakavanın sözlərinə görə, maliyyə vəziyyəti yaxşılaşma əlamətləri göstərir və iqtisadiyyatın pisləşməsi riski bir qədər azalıb.