Qlobal maliyyə böhranı BVF-ni öz strategiyasına yenidən baxmağa vadar edib. Fondun icraçı direktoru Dominik Stross-Kan Brettonvud komitəsinin Vaşinqtonda keçirilən ilik yığıncağında “BVF XXI əsr üçün” adlı yeni strategiya hazırladığını açıqlayıb.
“İqtisadi forum” jurnalının məlumatına görə, BVF yeni strategiyasının əsasını təşkil edən 3 vacib prioritetini açıqlayıb: böhranın qarşısının alınması metodlarının yaxşılaşdırılması, antiböhran tədbirlərinin və dünya valyuta-maliyyə sisteminin gücləndirilməsi
Stross-Kanın sözlərinə görə, “strategiyada üzv-ölkələrin böhrandan sonrakı dövrdə üzləşdikləri problemləri nəzərə alınıb və BVF-yə daha effektiv işləməsi üçün imkanlarını yeniləməyə şərait yaradıb.”
Dünya maliyyə sisteminin gücləndirilməsinə toxunan Fond rəhbərinin sözlərinə görə, gələcəkdə ola bilsin ki, dövlətlərə maliyyə yardımı göstərilən zaman digər valyutadan, dollardan da etibarlı olan ehtiyat valyutadan istifadə edilsin. Stroos-Kann həmin günün hələ də gəlmədiyini, ancaq bu məsələ barədə indidən fikirləşməyin lazım olduğunu bildirib.
BVF rəhbərinin fikrincə, konkret ehtiyat valyutanın seçimi həmin ölkədə siyasi və iqtisadi mühitdən birbaşa asılı olacaq. Eyni zamanda o bildirib ki, qlobal maliyyə böhranı dövründə dollar özünü təhlükəsiz aktiv rolunu oynayıb, beynəlxalq valyuta sistemi isə ümumilikdə möhkəmlilik nümayiş etdirib.
Dollardan ehtiyat valyuta qismində imtina mümkünlüyünü şərh edən Stross-Kan hesab edir ki, yeni valyuta və ya valyuta səbəti yaradılmalıdır. Onun xəbərdarlığına görə, bir il ərzində dünya iqtisadiyyatı tam dirçələrsə, beynəlxalq valyutanın dəyişilməsinə siyasi stimul azalar.
Fondun yeni kredit strategiyasında BVF-nin indiki kimi tək-tük ölkələrə yox, təhlükə həddində olan ölkələr qrupuna kredit xətti açılması nəzərdə tutulur. Bundan sonra ölkələrin problemlə üzləşdikdə yardım istəməsinə ehtiyac qalmayacaq. Fond həmin ölkələrin antiböhran siyasətlərini əsaslandırılmış hesab etdikdə özü kredit xətti açacaq.