Fevralın əvvəlində bir neçə tanınmış fond Nyu-Yorkdakı restoranların birində avronun taleyi ilə bağlı müzakirə aparmaq üçün qapalı görüş keçiriblər. “İqtisadi forum” jurnalının “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, Yunanıstandakı böhran şəraitində avronun ucuzlaşmasından narahat olan görüş iştirakçıları bu valyutaya qarşı gizli sövdələşməyə giriblər.
Qəzetin məlumatına görə, görüşdə SAC Capital Advisors, Soros Fund Management və başqa fondlar iştirak edib. Görüşün təşkilatçıları Monness, Crespi, Hardt & Co broker şirkətləri olub. Görüşdə iştirak edən fond rəhbəri avronun ucuzlaşma ssenarilərini müzakirə ediblər və qərara gəliblər ki, Avropa valyutası dolların səviyyəsinə düşə bilər.
Görüşdə həmçinin dünya iqtisadiyyatının mövcud durumu müzakirə edilib. SAC Capital Advisors fondunun rəhbəri Aaron Koenin sözlərinə görə, yunan böhranıın istənilən nəticəsi avronun ucuzlaşmasını şərtləndirəcək. Brigade Capital fondunun rəhbəri Donald Morqan, öz növbəsində, qeyd edib ki, Yunanıstandakı böhran Amerikanın bələdiyyə və xəzinə kağızlarına təsir göstərəcək. Greenlight Capital prezidenti Devid Anxorn hesab edir ki, inflyasiyanın güclənməsi fonunda qızıl bahalaşacaq. Soros Fund Managementin təmsilçisi isə uçot dərəcəsinin artırılacağını bildirib.
Avronun taleyi ilə bağlı dünyanın tanınmış maliyyə institutları müxtəlif proqnozlar verirlər.
Deutsche Bankın analitiklərinin fikrincə, növbəti aylarda Federal Ehtiyat Sisteminin uçot dərəcələrini qaldıracağı ehtimalının artması fonunda Avropa valyutası dollara nisbətdə 6% ucuzlaşa bilər. Bankın analizinə görə, avronun dollara olan məzənnəsi növbəti aylarda $1,2750-1,300 intervalında olacaq və hətta aşağı da düşə bilər.
UniCredit bankının valyuta ekspertləri açıqlamalarına görə, avronun dollara nisbətən məzənnəsi bu ilki minimum həddən ($1,3440) bir qədər yüksək - $1,3451 olub və özünə gəlməkdə davam edir. Eyni zamanda bankda hesab edirlər ki, cütlüyün qısamüddətli perspektivi xeli qaranlıqdır. Bank ekspertləri hesab edir ki, avronun $1,3580-dan yuxarı diyirlənməsi avro/dollar cütlüyünə təzyiqi bir qədər azalda bilər. Ancaq bu avronun 1,3375-ə kimi ucuzlaşmasını almaq üçün kifayət etməyəcək.
Almaniyanın maliyyə agentliyinin direktoru Karl Haynz Daubanın fikrincə, Avrozonanın üzv ölkələrindən biri müflis olarsa, avronun onillik təcrübəsi sona yetər, birlik isə dağılar.
Daubanın fikiri ilə həmrəy olduğunu bildirən Nyu-Yorkdakı Westpac Banking Corp-un baş valyuta strateqi Riçard Franuloviç bu hadisələrin ağır olacağını, o cümlədən avronun taleyini ürəkaçan olmayacağını deyərək Yunanıstanın xilasının vacib olduğu qeyd edib.
Qeyd edək ki, ötən ilin noyabrından bəri Yunanıstandakı maliyyə problemləri fonunda avro 10% ucuzlaşıb.