2010-cu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 591,6 milyon dollar artaraq 1,79 milyard ABŞ dolları təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin yanvarında bu göstərici 1,2 milyard dollar olub.
Komitənin məlumatına görə, yanvar ayında respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 99 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi $1,79 milyard olub. Bu müddətdə $1,43 milyardlıq 497 adda əmtəə ixrac, $0,36 milyardlıq 2677 adda əmtəə idxal olunub. İxrac-idxal əməliyyatları üzrə müsbət saldo $1,06 milyard təşkil edib.
2009-cu ilin yanvarında ixrac-idxal əməliyyatları üzrə müsbət saldo $162,7 milyon olub.
Respublikaya $3,44 milyon dəyərində 41,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə humanitar yardım kimi daxil olub.
2009-cu ilin müvafiq dövrünə nisbətən 2010-cu ilin yanvar ayında ixrac 105,63% və ya 733,59 milyon artsa da, idxal 29,43% və ya 151,71 milyon azalıb.